Təbiət

Sualtı varlıq - səkkizayaqlı ilbiz

Səkkizayaqlı ilbiz başayaqlılar arasında ən sirli və ən məşhur növdür. Dünyada 200-ə qədər səkkizayaqlı ilbiz növü mövcuddur. Onların yaxın qohumları kalmarlar və mürəkkəbböcəyi molyuskları, uzaq qohumları isə qarınayaqlılar və ikitaylı molyusklardır.
 
 
Səkkizayaqlı ilbiz qeyri-adi xarici görünüşə malikdir. Ona baxanda heç nə başa düşmək olmur: başı və ətrafları haradadır, ağzı və gözü harada yerləşir? Əslində isə hər şey çox sadədir.
 
 
Bu heyvanın bədəni mantiya adlanır, ön tərəfdə iri başla birləşir, yuxarı hissədə iri gözləri yerləşir. Səkkizayaqlı ilbizin ağzı çox kiçikdir və dimdiklə əhatələnib. Dimdik onlara qidanı xırdalamaq üçün lazımdır, çünki onlar ovlarını bütöv şəkildə uda bilmirlər. Bundan başqa səkkizayaqlı ilbizin udlağında qidanı yumşaltmaq xüsusi sürtgəc yerləşir. Səkkizayaqlı ilbizin ağzının ətrafı 8 ədəd barmaqcıqlarla əhatələnib. Onlar uzun və əzələlidir.
 
Səkkizayaqlı ilbizin gövdəsinin yanlarında daha çox sükan kimi istifadə olunan kiçik üzgəclər var.

 
Diqqətlə baxsaq, səkkizayaqlı ilbizin gözlərinin altında dəlik və ya qısa borucuq görə bilərik – bu, onun su topladığı sifondur.
 
Səkkizayaqlı ilbizin daxili orqanlarının quruluşu çox mürəkkəbdir.
 
 
Bu heyvanların 3 ürəyi var. Səkkizayaqlı ilbizin qanı... mavidir! Qəlsəmələri nəinki nəfəs almağa, həm də parçalanma məhsullarını ifraz etməyə xidmət göstərir. Səkkizayaqlı ilbizin müdafiə üçün boya maddəsinin toplandığı xüsusi mürəkkəb kisəsi var.
 
 
Səkkizayaqlı ilbizlər onurğasız heyvanlar arasında ən intellektual növdür. Onların hissiyyat orqanları çox yaxşı inkişaf edib. Gözləri çox iri, mürəkkəb quruluşludur və başın əksər hissəsini tutur. Səkkizayaqlı ilbizlərin eşitmə orqanı olmasa da, onlar infrasəsləri hiss etmək bacarığına malikdirlər.
 
 
Səkkizayaqlı ilbizlər əsasən qonur, qırmızı və sarıya çalan rəngdə olsalar da, rənglərini buqələmun kimi dəyişə bilir. Onların rənglərinin dəyişməsi sürünənlərdəki prinsip üzrə həyata keçir: səkkizayaqlı ilbizlərin dərilərində piqment daşıyan xüsusi hüceyrələr mövcuddur. Onlar bir göz qırpımında sıxıla və dartına bilir. Hüceyrələr yalnız qırmızı, qonur və sarı piqmentlərə malikdir və onların sıxılmasından rəngarəng çalarlar və bəzəklər əmələ gəlir.
 
İşığın sınması nəticəsində səkkizayaqlı ilbizin dərisi yaşıl, mavi və göy rənglərə boyana bilər. Buqələmundakı kimi səkkizayaqlı ilbizin rənginin dəyişməsi ətraf mühitin rəngi, özünün əhval-ruhiyyəsi və səhhəti ilə birbaşa əlaqəlidir. Səkkizayaqlı ilbiz qorxuya düşərkən rəngi solur, qəzəblənəndə qızarır və hətta qaralır.
 
 
Bir çox alim onurğasız heyvanların arasında səkkizayaqlı ilbizləri ən “ağıllı” növ hesab edir: onlar təlimə uyğunlaşır, əla yaddaşa malik olur, həndəsi fiqurları ayırd edir, insanları tanıyır, onları yemləyən insanları seçə bilirlər. Səkkizayaqlı ilbizlərlə çox vaxt keçirsən onu ələ öyrətmək olar.
 
 
Doflein səkkizayaqlı ilbizi bu növün ən iri nümayəndəsi kimi “Ginnesin rekordlar kitabı”na salınıb. Onun gövdəsinin uzunluğu 3,5 metrə, çəkisi isə 58 kiloqrama yaxındır. Doflein səkkizayaqlı ilbizi Sakit Okeanın şimal hissəsində yaşayır.