Şeirlər

Məmməd Aslan. Nənəm xalça toxuyur

Bu, həna ağacıdı,
Bu, əriş-arğacıdı.
O gördüyün kirkitdi,
İlmələri bərkitdi.
O da gombul həvədi,
Dişi sanki dəvədi.
Necə də hazır durub,
Gurup-gurup, gup-gurup...
Ilmə çalır barmaqlar,
Çözələnir yumaqlar.
Bax, toxunan xalçadı,
Gülü qonça-qonçadı.
Əlvan ipdən gör nələr,
Toxuyurlar nənələr.