Odlar Yurdu

Qarabağ atları

Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan  dağ-minik at cinsidir. Azərbaycanın milli at cinsi olan bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.

 

Qarabağ atlarının 4 növü mövcuddur: Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq. Onlar yüksək sürəti ilə seçilir.  Qarabağ atı hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündürdür.

 

Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

 

Qarabağ atçılığının “qızıl əsri” XVİİİ-XIX əsrlər hesab edilir. Məhz bu dövrdə cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib.

 

 O dövrlərdə Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yerlər tutublar. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıblar. Üstəlik Parisdə keçirilmiş at sərgisində  nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını açıq qızılı-kürən rəngində boyamağa başlamışdılar.

 

Qarabağ atları Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Şuşa, Хocalı, Хocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində daha geniş yayılmışdı.

 

Müxtəlif  məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub.  Belə ki, 1839-cu ildə Don Atçılıq Zavoduna gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi.

 

Məhşur rus rəssamı Vasili Vereşşagin 1870-ci ildə yazırdı: “... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”.