Dastanlar

"Koroğlunun İstanbul səfəri" qolu

Koroğlunun adı bütün aləmə yayılmışdı. Dünyanın hər tərəfindən iyid oğlanlar onun dəstəsinə gəlirdi. Qızlar, gəlinlər onun həsrətini çəkirdilər. Bu səs-səda gəlib İstanbula da çatmışdı. İstanbul xotkarının qızı Nigar xanım da görməzəbilməzə eşq badəsini içib bir könüldən min könülə Koroğluya aşiq olmuşdu. Amma yazıq qız atasının, bir də ki bir namərd qardaşı var idi, onun qorxusundan ləb tərpədib nəfəs çəkə bilmirdi. Deyirlər İstanbul kəndlərinin birində Bəlli Əhməd adında yeniyetmə, cavan bir oğlan var idi.. Bəlli Əhməd nə qədər ki, igid idi, bir o qədər də əli açıq, könlü-gözü tox idi. Tapdığını tək yeməzdi. Elə ki, Koroğlu sədası gəlib buralara çatdı, Bəlli Əhməd çox götür-qoydan sonra çarıxlarının bağını bərkidib, ağamı Allah saxlasın deyib, Çənlibelə tərəf yola düşdü. Çox getdi, az getdi, o necə deyərlər dərə-təpə düz getdi, bir cümənin günündə gəlib İstanbula yetişdi. Bəli, elə təzəcə bazara girmişdi, o yan bu yana baxırdı ki, gördü hamı qaçır. Özü də heç dükanı bağlayıb eləmir. Bir su içim saatda bütün bazar qaldı başına. Bəlli Əhməd onlardan birini saxlayıb soruşdu ki, bu nə qaçaqaçdır? 


Dedilər ki, bəs paşanın qızı Nigar xanım bazara gəlir, gərək onun üzünü heç kim görməyə. Dükanların heç birisini bağlamağa da icazə yoxdu. Xotkar qızı istədiyi dükanları gəzir, bəyəndiyi şeyləri seçir, sonra onun qulluqçuları gəlib dükan sahiblərinə hesabları ödəyirlər.


Bəlli Əhməd bilmədi neynəsin, cəld bir ətrafa göz gəzdirib baxdı ki, yaxında bir dükan var, qapısı da açıqdı. Yavaşca özünü verdi dükana. Qapını çəkdi, özü də piştaxtanın altına girib taxtanın deşiyindən göz qoymağa başladı. 


Nigar xanım qırx incəbelli qızla bazarı gəzə-gəzə gəlib həmin dükana girdi. Gördü ki, bir nəfər şəxs başını göyərtinin içinə soxub gizlənib. Əmr elədi, Bəlli Əhmədi gizləndiyi yerdən çıxartdılar.


Nigar ondan soruşdu: Sən kimsən? Burda neynirsən?


Bəlli Əhməd dedi: – Xanım, vallah, billah mən qərib, nabələd bir adamam. Bura bu gün gəlmişəm. Elə bazarda gəzirdim. Bir də gördüm qaçhaqaç düşdü, qəriblik pis şeydi, xanım. Bilmədim hara qaçım. Axırda qaçıb buraya girdim.


Nigar xanım soruşdu: – Ədə, adın nədi? Haralısan? 
– Xanım, sənə qurban olum, adım Bəlli Əhməddi. Gedirəm Çənlibelə, Koroğlunun dəlisi olmağa.


Nigar xanım bunu eşitcək kağız götürüb bir namə yazdı ki, bəs “Koroğlu, mən İstanbul xotkarının qızı Nigar xanımam. Əgər sən doğrudan da iyidsənsə gəl məni apar”. 


Məktubu Bəlli Əhmədə verib tapşırdı ki, onu Koroğluya çatdırsın. Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. Üstəlik bir də bir ovuc qızıl verdi ki, atdan, zaddan alıb, naməni tez çatdırsın. 


Bəlli Əhməd gecəni gündüzə qatdı, gündüzü gecəyə gəlib Çənlibelə yetişdi. Koroğluyu tapıb Nigarın naməsini verdi ona. Koroğlu naməni oxuyub əhvalatdan halı olandan sonra əmr elədi, Qıratı yəhərlədilər. Ondan üzünü Dəli Həsənə tutub qışqırdı ki: – Ədə, oradan o zəncirləri buraya gətir. Bəlli Əhməd zəncir adını eşidəndə getdi fikirə ki, yoxsa bu məni çarmıxa-zada çəkmək istəyir. Elə elə də oldu. Dəli Həsən onu yaxşıca zəncirlədi. Əl-ayağını bağlayıb üstünə də qaraul qoydu. Deyirlər Koroğlunun belə bir xasiyyəti var idi. Ona kim belə-belə xəbərlər gətirsəydi qabaqcan onu beləcə zəncirləyib üstündə də adam qoyarmış ki, özü gedib gəlincən qaçıb eləməsin. Elə ki, gedib qayıtdı, əyər söz düz çıxdı, yaxşı xələt verib özünə dəli elərmiş, yox əyər yalan çıxdı, ortalıqda hiylə-miylə, oldu, onda tay Allah göstərməsin. Onda iş qalardı Misri qılınca. 


Bəli, elə ki, Qırat hazır oldu, dəlilər yerbəyerdən dedilər ki, bəs Koroğlu, gəl bu səfərə sən tək getmə, bu, xətərli, qorxulu səfərdi. Qoy hamımız birgə gedək. Koroğlu razılaşmadı dedi ki, Nigarı gətirməyə özüm gedəcəyəm.


Qırat ildırım kimi çapıb axşam üstə İstanbula yetişdi. Koroğlu Qıratı sürüb bir qapını döydü. Qapıya qoca bir arvad gəldi. 


Koroğlu dedi: – Ay bacı, qəribəm, məni bu gecəliyə qonaq eləyərsənmi? 
Arvad dedi: – Niyə qonaq eləmirəm. Düş qal. 
Koroğlu düşdü. Qıratı töyləyə çəkdi. Özü də arvadın evinə girib bir tərəfdə oturdu. Arvad çörək gətirdi. Koroğlu yeməkdən sonra söhbət açıb arvaddan kim olduğunu soruşdu. 
Arvad dedi: – Qoca, dul bir arvadam. Ay bala, aman-zaman gözümün ağı-qarası bircə oğlum var. Xotkar qızı Nigar xanımın nar bağında bağbandı. Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. Koroğlu ordan-burdan söz-söhbət salıb öyrəndi ki, bəs xotkar Məkkə ziyarətinə gedib. Sonra qarıdan oğlunu soruşdu ki, bəs oğlun haradadı? Qarı dedi: – Xotkar qızı xanım hər ayda, on beş gündə bir qırx incəbelli qızla nar bağına gəzməyə çıxır. İndi sabah yox, o birisi gün vədəsidi. Bağa gəzməyə gələcək. Odu ki, oğlum bağı yör-yöndəmə salır. Koroğlu nə qədər oturub gözlədisə, qarının oğlu gəlib çıxmadı. Axırda arvad durdu ki, “bəs oğlan gəlmədi, yəqin gecəni bağda qalacaq, yer salım yataq”. 


Gecənin bir aləmində Koroğlu yuxudan oyandı. Baxdı ki, qarı da oyaqdı. Soruşdu: Ay ana, niyə yatmırsan? 
Arvad dedi: – Nə bilim, ay bala, yuxum qaçıb. 
Koroğlu soruşdu: – Ay ana, bəlkə məndən qorxursan? 
– Yox ay bala, baxıram sənə... Nə bilim vallah, deməyə də utanıram.... Ay bala, birdən sən o Koroğlu olarsan ha... 
– Düz tapıbsan. 


Arvadın səsi çıxmadı. Koroğlu bir-iki dəfə onu səslədi gördü yox, səs yoxdu. Axırda durub arvadın yanına gəldi, gördü nə, bu gün ölübsən, dünən. Arvad tir-tab düşüb özündən gedib. Tez bir az sudanzaddan töküb onu ayıltdı. Arvad elə özünə gəlcək durdu ayağa ki, qaçsın.


Koroğlu tutdu onun biləyindən. – Ay arvad, hara qaçırsan? Mən adam zad yeyən deyiləm ki, niyə məndən qorxursan? – Niyə səndən qorxuram? Mən hələ çox iyid arvadam ki, sənin adını eşidəndə qorxudan bağrım çatlamayıb.. Haradan gəlib mənim evimə çıxdın? Koroğlu bir az gülüb, arvadı sakitləşdirdi. Ürək-dirək verdi. Ondan çıxardıb bir ovuc da qızıl verdi ki, bu sirri gərək heç yerdə açmayasan. Yoxsa əlimdən qurtula bilməzsən.


Arvad dedi: –Arxayın ol bala, heç gör sən gedəndən də bir-iki ay sonraya mən heç yorğan-döşəkdən dura biləcəyəm ki, bir söz də danışam.  Ay oğul, bəs axı, heç bir demədin buraya niyə gəlibsən? Koroğlu baxdı ki, lap yeridi. Dedi: – Ana, xotkarın qızı Nigar mənə sifariş göndərib ki, gələm onu aparam. Mən də onun üçün gəlmişəm. 


Arvad dedi: – Doğrudan da, Nigar xanım elə sənə yaraşan candı. Oğlum da sənə nə lazımdırsa, kömək eləyər.


Səhər Koroğlu durub atı yemlədi, suladı, rahatladı, arvada pul verdi ki, şey-şüy alsın xörək hazırlasın, həm də gedib oğlunu çağırsın, özü də üz qoydu meydana tərəf. 


Koroğlu burdan birbaş gəldi bir ustanın yanına. Ona bir ovuc qızıl verib xotkarın adına bir möhür qayırtdırıb qoydu cibinə. 


Koroğlu mirzənin yanına gəlib belə bir məktub yazdırdı: – “Bu naməni sənə verən adam mənim çovuşumdu. Mənim barigahımda mənə olan hörmət gərək ona da ola”. 


Mirzə məktubu yazıb qurtardıqdan sonar Koroğluya Verdi.  Koroğlu xotkar möhürünü də naməyə vurub cibinə qoydu. 


Sonra bazara gedib özünə çavuş paltarı aldı. Geyinib saraya getdi.


Qapıçılar onun əlində xotkarın möhürlü naməsini görcək iki qat olub torpağa düşdülər. Qapılar taybatay açıldı. Koroğlu içəriyə keçə-keçə qışqırdı: – Hanı Nigar? Mənim qabağıma çıxsaydı, ayaqlarına soyuq dəyərdi? Xotkarın yanından gəlmişəm. Qız onu bir otağa aparıb özü də tez qaçıb Nigara xəbər verdi.


Elə ki, Nigar qırx incəbel qızla onun yanına gəldi, Koroğlu baxdı ki, Bəlli Əhməd doğru deyib. Nigar doğrudan da elə ona layiq Nigardı. Hələ üzünü görməmişdi. Elə boy buxununnan aşiq oldu. İşarə elədi ki, qızlar çıxsın, sənə gizlin sözüm var, xotkar tapşırıb. Qızlar hamısı çıxdı. Elə ki, Nigarla Koroğlu tək qaldılar Koroğlu əbanı, əmmaməni tulladı. Nigar baxıb gördü ki, Bəlli Əhmədə verdiyi qolbaq ondadır. Bildi ki, bu Koroğlunun özüdür.


Dedi: Sən məni bu qədər qoşunun içindən necə çıxara biləssən?
Koroğlu dedi: 
Ala gözlü Nigar, səni
Mən Çənlibelə aparram. 
Çəkərəm Qırat tərkinə, 
Dönərəm yelə aparram. 
Saymaram xotkarı, xanı, 
Qoşuna verməm amanı,
 Meydan içində al qanı,
 Döndərrəm selə, aparram. 


Nigar dedi: – İyidliyindən dəm vurma. Zorla iş olmaz. Yaxşısı budur sən məni qaçırdasan.
Koroğlu yenə də əba-qəbasını geyib, qapıdan çıxıb özünü qarının evinə saldı. Baxdı ki, arvadın oğlu da gəlib, onu gözləyir. Koroğlu onunla hal-əhval tutub əhvalatı danışdı:
Oğlan dedi: Ay igid, sən tək başına xotkar qoşunun içindən Nigarı necə çıxarıb aparassan?


Koroğlu dedi: – Sən məni bağa burax, necə aparacağımda işin olmasın. Əvvəl-əvvəl bağman bir az çəkindi. Elə ki, bir tərəfdən anası, bir tərəfdən də Koroğlu düşdülər onun üstünə, oğlan razılaşdı. 


Gecəni yatıb səhər olcaq Koroğlu durdu, Qıratı yəhərləyib bağmanla birlikdə nar bağına gəldilər. Koroğlu atı bir tərəfdə bağladı, özü də gizlənib başladı Nigar xanımın yolunu gözləməyə. Az keçdi, çox keçdi Koroğlu bir də gördü budu Nigar xanım qırx incəbelli qızla gəlir. Koroğlu Nigar xanımı Qıratın yanına gətirdi. Atın yüyənini ağacdan açıb tərlan kimi onun belinə sıçradı. Sonra cəld əlini atıb Nigarı dik qaldırdı, tərkinə mindirdi. At şahə qalxıb bağın hasarına tərəf yönəldi. Koroğlu atı hasardan sışradıb Çənlibelə tərəf yola düzəldi.


Çox keçmədi ki, xotkarın sarayına hay düşdü ki, Nigarı qaçırıblar. Bu xəbər hamıdan əvvəl xotkar oğlu Bürcü Sultana yer elədi. O, qoşuna hay vurdu.Qoşun atlanana qədər Bürcü Sultan özü ata bir-iki tazyana çəkib yola düzəldi. 


Koroğlu Nigar da tərkində yeldən qanat taxıb uçan Qıratın üstündə gəl ha gəl, gəlib bir çəməngaha çıxdılar. Bir tərəfdən Koroğlu gecəni yatmamışdı deyin yaman yuxusuz idi. Bir tərəfdən də Nigarı belə davasız-şavasız aparmaq qoç Koroğluya ağır gəlirdi. Odu ki, atdan düşdü, atı yançidar eləyib otlamağa buraxdı. Nigarı da götürüb bulağın başına gəldi. Nigar nə qədər elədi ki, gəl gedək, atamın qoşunu gəlib bizi tutar, səni öldürər, məni də geri qaytararlar, Koroğlu onu eşitmədi. Koroğlu dedi: – Qorxma, bizim dalımızca heç kəs gəlməyəcək. Elə ki, Nigar əyləşdi, Koroğlu başını onun dizinin üstünə qoyub dedi: – Nigar xanım, mən bir az yatım. Sənin gözün Qıratda olsun, elə gördün otdan ağzın çəkib, ayaqlarını yerə döyüb narahatlıq eləyir, bil ki, düşmən gəlir. Onda məni oyadarsan. Koroğlu bunu deyib yuxuladı. Aradan bir az keçmişdi, Nigar baxıb gördü ki, uzaqdan qoşun gəlir. Tez Koroğlunu oyatdı. Koroğlu ayağa qalxıb döyüşə hazırlaşdı. Bürcü Sultan ona yaxınlaşan kimi qışqırdı:
Koroğlu dedi: – Xotkar oğlu, hirslənmə. Gəl dava edək, mənə qalib gəlsən, bacını götürüb apararsan.


Bürcü Sultan dedi:
-Mən qızı sənin başınla biryerdə aparacağam.
Koroğlu gülə-gülə dedi:-deyəsən, yəhərin qayışını yaxşı bərkitməmisən. Onu düzəlt, dava eləyək.


Bürcü Sultan əyildi ki, atın qarınaltısına baxsın. Koroğlu onun boynunun ardından bir yumruq vurub atdan yerə saldı. Alıcı quş kimi sinəsinə çökdü. Xəncərini çıxartdı ki, başını kəssin, Nigar ağladı ki: – Koroğlu, onu mənə bağışla. Tək bircə qardaşımdı. 


Koroğlu Bürcü Sultanın sinəsinin üstündən durub dedi: – Get, səni Nigara bağışladım. Ancaq bir də girimə keçsən öldürəcəyəm. Onlar yenidən Qırata minib Çənlibelə tərəf yol başladılar. 


Bürcü Sultan o qədər gözlədi ki, qoşun gəlib çatdı. Hamısı birlikdə Koroğlunun dalınca düşdülər. Koroğlu bir də baxdı ki, budu qoşun gəlir. Tez Qıratın başını döndərib dayandı. Başladı gözləməyə. Nigar gördü ki, Koroğlu dava eləmək istəyir. Dedi: – Koroğlu, əzəl məni götürüb qaçmayaydın. İndi ki, aparırsan qayıtma, sür apar get. Atamın qoşunu çoxdu, sən təksən. Onlarla bacarmazsan, dava eləmə. – Mən səni Çənlibelə bu cür apara bilmərəm. Dəlilər deyərlər Koroğlu getdi xotkarın qızını qaçırdıb gətirdi. Gərək dava eləyəm, səni elə aparam. Koroğlu bunu deyib Nigar xanım da tərkində Misri qılıncı çəkib qayıtdı, özünü osmanlı qoşununa vurdu. Koroğlu burada dava eləməkdə olsun sizə Çənlibeldə dəlilərdən xəbər verim. Koroğlu gedəndən sonra dəlilər dedilər: – Koroğlu tək getdi, sonra ələ keçər tutular, başsız qalarıq. Dalınca getmək gərəkdi. Dəlilərdən bir neçəsi Çənlibeldə qaldı. Qalanı atlandı, Koroğlunun dalınca yola düşdü. Dəlilər o vaxt yetişdilər ki, qızğın dava idi. Koroğlu sağa-sola qılınc vururdu. Dəlilər nərə çəkib özlərini osmanlı qoşununa vurdular. Qoşun əhli dəlilərin hücumundan qorxub Koroğlunun başından dağıldılar. 


Beləcə, Koroğlu Nigar xanımı götürüb Çənlibelə gəldi. Böyük şadlıq quruldu. Bəlli Əhməd də həmin gündən Koroğlunun dəlisi olub Çənlibeldə yaşamağa başladı.