Dastanlar

"Koroğlu ilə Bolu bəy" qolu

Xotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər. Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Camal paşanın da canını qorxu almışdı.
Bir gün, beş gün fikir, xəyal, axırda bu gün qoşun sərkərdələrini başına yığıb məsələdən onları hali elədi. 


Koroğlunu tutmaq adı gələndə bütün sərkərdələr başlarını aşağıya saldılar. Camal paşa gördü yox, belə olmayacaq. Axırda əlacsız qalıb dedi:
– Kim gedib dəli Koroğlunun başını, ya da özünü gətirsə qızım Dünya xanımı ona verəcəm.


Sərkərdələrin içində Bolu bəy adlı birisi var idi. Bolu bəy çoxdan idi ki, Camal paşanın qızı Dünya xanımı almaq fikrində idi. Ancaq nə qədər xərc qoymuşdu, pul tökmüşdüsə də, qızın ürəyini ələ gətirə bilməmişdi. İndi işıq yeri görüb fürsəti əldən verməyib yerindən qalxıb dedi:


– Mən gedib Koroğlunu tutub gətirərəm. Ancaq bu şərtlə ki, əzəl əhdinizə əməl eləyəsiniz. Sonra da Qəcəralını mənə yoldaş verəsiniz. Qəcəralı Ərzincanda məşhur pəhləvanlardan idi.
Paşa razılaşdı. – Qəcəralı!
Qəcəralı ayağa qalxıb dedi:


– Mən gedərəm, amma gərək mehtər Murtuzu da bizə qoşasınız. Mehtər Murtuz yeddi il Koroğluya mehtərlik eləmişdi. Ona görə də Koroğlunu yaxşı tanıyırdı.
Bəli, Camal paşa bütün şərtlərə razı oldu. Bolu bəy Qəcəralı ilə Mehtər Murtuzu götürüb, başında da çoxlu qoşun, Çənlibelə yola düşdü.
Bunlar getməkdə olsunlar, sizə kimdən xəbər verim, Koroğlunun dostu ərzincanlı bir tacirdən. Tacir bu əhvalatı eşidən kimi bir at mindi, kəsə bir yol ilə Bolu bəydən qabaq özünü Çənlibelə yetirdi. Elə ki, tacir Koroğlunu əhvalatdan xəbərdar eləyib geri döndü, Koroğlu dəliləri yığıb dedi:


– Paşalar, bəylər, xanlar mənim əlimdən zara gəlib, mənim qorxumdan gecələr evlərində yata bilmirlər. Heç inanmıram ki, Bolu bəy mənim üstümə gəlsin.
Dəlilərin içindən İsabalı yerindən qalxıb dedi:
– Koroğlu, nə qədər igid olsan ehtiyatı əldən qoyma, ehtiyat ki var igidin bəzəyidi. İzn ver yaraqlanaq, yasaqlanaq, düşmənin qabağına çıxaq. Koroğlu razı olmadı. Məclis qurdurdu, dəlilər ilə yeyib-içib kefə başladı. O tərəfdən Bolu bəy başında qoşun gecə-gündüz at sürüb gəlib Çənlibelə yetişdi. Mehtər Murtuz Koroğlunun Yağı qoruğunu görən kimi tanıdı. Dedi:


– Bolu bəy, bu qoruq Koroğlunun Yağı qoruğudu. Bura Koroğlunun oylağıdı. Bura Çənlibelin ətəyidi. Məni öldürsən də buradan o yana gedəsi deyiləm. Qorxuram, Koroğlu dədəmə od vurar. Bolu bəy bir az fikirləşib əmr elədi ki, atdan düşsünlər. Bolu bəy, Qəcəralı, Mehtər Murtuz, qoşun əhli hamısı düşüb, atları Koroğlunun
Yağı qoruğuna buraxdılar, özləri də bir tərəfdə oturub dincəlməyə başladılar. Səhər tezdən idi. Koroğlu yasaqsız-yaraqsız Qoşabulağın altındakı qayanın yanına çıxmışdı. Bir də baxdı ki, bir bölük yəhərli-yüyənli at Yağı qoruğunu başına götürüb. Koroğlu elə oradan tay heç kəsə xəbərzad verməmiş Yağı qoruğuna yüyürdü. Qoruğa enəndə birdən-birə Bolu bəylə üz-üzə çıxdı. Bolu bəy Koroğlunun təhər-töhürünə baxıb dedi:


– Kimsən, burada nə gəzirsən?
Koroğlu dedi:
– Mən qoruqçuyam.
Bolu bəy dedi:
– Kimin qoruqçususan?
Dedi:
– Koroğlunun qoruqçusuyam. Qoruqda at gördüm, gəldim ki, çıxardım sizə rast oldum. Bu sözdə Mehtər Murtuz gəlib çatdı. Mehtər Murtuz Koroğlunu görən kimi tanıdı. Dalı-dalı çəkilib Koroğlunun geri yanına keçdi. Oradan Bolu bəyə göz vurdu ki, evin yıxılsın. Yalan deyir, qoruqçu, zad nədi, Koroğlunun özüdü.
Bolu bəy hökm elədi, qoşun birdən tökülüb Koroğlunu tutdular. Koroğlunun nə atı, nə yanında bir yarağı-yasağı yoxdu. Baxdı ki, yox işlər şuluqdu. O, burada Koroğlu olduğunu boynuna alsa, səssiz-sədasız başını kəsəcəklər. Deyirlər ki, Koroğlu nə qədər igid, mərd idisə, bir o qədər də əyyar idi. Yeri gələndə özünü başqa qılığa salıb düşməni aldadırdı. Bir də belə bir xasiyyəti var idi ki, düşmən əlinə düşəndə ölsə də, Koroğlu olduğunu boynuna almazdı ki, özünün, dəlilərin, Çənlibelin adı batmasın. Odu ki, indi də Bolu bəy onu nə qədər döydüsə Koroğlu olduğunu boynuna almadı ki, almadı. Yaxında bir göl var idi, axırda Bolu bəy Koroğlunu o gölə saldırdı ki, bəlkə Koroğlu olduğunu boynuna ala. O yenə də Koroğlu olduğunu boynuna almadı. Axırda Bolu bəy şübhəyə düşdü ki, bəlkə elə doğrudan da bu, Koroğlu deyil. Bolu bəy düşdü fikrə ki, uzaq yerdən gəlmişik. Bunu apararıq Koroğlu olmaz, paşanın yanında yalançı çıxıb biabır olarıq. Axırda
üzünü ona tutub dedi:


– Gəl sən xoşluqla boynuna al ki, Koroğlusan. Yoxsa bu saat səni öldürrəm. Koroğlu dedi ki, Öz adım Rövşəndi, atam Alıdı, mən Koroğlu deyiləm. Bolu bəy Mehtər Murtuzu yanına çağırıb dedi:
– Sən deyirdin bəs bu Koroğludu, bu ki, Koroğlu deyilmiş.
Qəcəralı bir tərəfdən Murtuzun üstünə düşdü ki, sən bizi aldadırsan.
Murtuz dedi:
– Əgər Koroğlu bir isə, siz axtardığınız da o isə, Koroğlu budu. Bolu bəy ağzından köpük daşlana-daşlana əmr elədi ki, qoşun atlanıb yola düşsün. Koroğlu gördü ki, yox, bunu aparacaqlar. Başını qaldırıb dedi:
– İndi sən məni aparıb paşaya verəcəksən ki, guya mən Koroğluyam, sən də məni tutubsan?
Bolu bəy:


– Bəs necə?
Koroğlu gülüb dedi:
– Yaxşı sənin ağlın yoxdu, bu adamın sözünə inanırsan. Paşanın da ağlı yoxdu, ya mənim dilim yoxdu ki, onu başa salım. Niyə paşa kordu ki, mən yaraqsız-yasaqsız bir adamam. Qoç Koroğlunu belə asanlıqla tutmaq olmaz? Hamısını açıb paşaya deyib səndən şikayət eliyəcəyəm. Bolu bəy qaldı məhəttəl ki, bunların hansına inansın. Axırda Koroğlunun sözlərinə inanıb əmr eləyib onun əllərini açdırdı. Sonra üzünü ona tutub dedi:
– Deyirlər dəli Koroğlu çox mərddir, heç bir şeyi gizlədən deyil.
İndi olan oldu, keçən keçdi. Əllərin də açıqdı. İndi düzünü de görək sən kimsən? Bu boy, heç qoruqçu boy-buxununa oxşamır.
Koroğlu dedi:
– İndi ki, belə adam kimi soruşursan, bəli, mən Koroğluyam.
Bolu bəy ayağa qalxmaq istəyəndə Koroğlu dedi:
– Dayan, sən tay məni tuta bilməzsən. Ancaq de görüm məni niyə aparırsan?
Bolu bəy dedi:


– Ərzincanlı Camal paşa əhd eləyib ki, hər kim Koroğlunu tutub onun yanına aparsa, öz qızını o adama versin. İndi mən səni aparıram ki, Camal paşanın qızı Dünya xanımı alım.
Koroğlu dedi:
– Mən Koroğluyam. Özüm də dediyimi eləyənəm. İndi ki, sən o qıza aşiqsən, qoy gedim yarağımı götürüm, atımı minim gəlim, apar məni paşaya təhvil ver, qızı al.
Koroğlu özünü Çənlibelə yetirdi. Qılınc qurşadı, qalxan götürdü, əmud asdı, nə dəlilərə, nə xanımlara bir söz deməyib, Qıratı minib birbaşa Bolu bəyin yanına gəldi. Elə ki, yetişdi dedi:
– Bolu bəy, mən verdiyim vədəyə doğru çıxıb gəlmişəm.


Ancaq səninlə bir şərtim var. Sən məni tutmuşdun. İndi də ki, mən səninlə gedirəm. Sonra elə bu sənin qulağında qalar. Elə bilərsən ki, guya doğrudan da məni tuta bilərsən. Gəl qabaqca səninlə bir vuruşaq, dava eləyək. Sonra haraya desən gedək. Misri qılıncı çəkib qoşuna cumdu. Qoşun əhli ha eləyib əl-ayaq açana kimi Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı. Qoşunu qatımqatım qatlayıb əldən saldı. Düşmən dağılıb qaçmağa başladı. Koroğlu Qıratı dallarından salıb özünü Qəcəralıya yetirdi, bir əmud vurub onu atdan yerə saldı. Bir də baxdı ki, Bolu bəy aranı şuluq görüb əkilmək istəyir. Tez özünü ona yetirib, itələyib atdan saldı, düşüb dizinin altına aldı.  Bolu bəyin sinəsinin üstündən durdu, dedi:
– İndi mən sənin ixtiyarındayam. Paşanın yanına necə istəyirsən, elə apar.


Bolu bəy güclə ufuldaya-ufuldaya yerindən qalxdı. Adamları ilə bir təhər köməkləşib Qıratın üstündə Koroğlunun qollarını geri yanında möhkəm bağladılar. Götürüb yola düşdülər. Ərzincan dağlarını aşıb şəhərə yaxınlaşdılar. Bolu bəy fikir eyləyib öz-özünə dedi. Koroğlunu belə sağ-salamat Camal paşanın yanına
aparsam, mənim onu dalaşsız-davasız tutub gətirməyimə inanmayacaq, paşanı inandırmaq üçün gəl onu yarala. Yavaşca göz-göz vurub Koroğlunun geri yanına keçib birdən onun başına bir qılınc vurdu. Qolları bağlı Koroğlunu qan götürdü. Odu ki, tutduğu işdən peşiman oldu. Bolu bəyi öldürmədiyinə heyifsiləndi. Ancaq iş-işdən keçmişdi. Gəlib yetişdilər Ərzincana. Bolu bəy Koroğlunu birbaş apardı Camal paşanın yanına. Təbil vuruldu, bütün aləm imarətin qabağına yığıldı. Camal paşanın qızı qara gözlü, şirin sözlü, alma yanaqlı, yaqut dodaqlı Dünya xanım qulluqçusunu çağırıb nə səs-küy olduğunu soruşdu. Qulluqçu gözlərini süzə-süzə dedi:
– Xanım, sənə qurban olum, tay bundan artıq nə olacaq? Bolu bəy qoç Koroğlunu tutub qolu bağlı paşanın hüzuruna gətirib. İnşallah bir neçə günə kimi toyundu.
Bu sözü eşidən kimi dünya-aləm Dünya xanımın gözlərində qaraldı. Dünya xanımın Bolu bəydən zəndeyi-zəhləsi gedirdi. Deyirdi ki, iti görüm, pişiyi görüm, onun mürdəşir yumuş üzünü görməyim. İndi birdən Koroğlunun tutulduğunu eşitdi, ürəyi elə sıxıldı, elə sıxıldı ki, bilmədi nə eləsin. Ancaq qızlar başa düşməsinlər deyə durub yeddi qələmlə özünə zinət verdi. Qırx incəbel qızını da yanına alıb Koroğluya tamaşa eləməyə getdi. Bəli, Camal paşaya xəbər çatdı ki, bəs qızın Dünya xanım izn istəyir. Camal paşa rusxat verdi, məclisin bir tərəfində bir pərdə çəkildi. Dünya xanım öz qırx incəbel qızı da başında gəlib pərdənin dalında əyləşdi. Qolları bağlı, başı yaralı Koroğlunu da Camal paşanın qabağında saxlamışdılar. Dünya xanım baxdı ki, vallah bu bir igid oğlandı ki, Bolu nədi heç min nəfər Bolu kimi adam olsa onu tuta bilməz. Öz özünə dedi: – “Aşna, bu heç belə deyil ki, belə olsun. Bu Bolu girən kol deyil. Burada yəqin bir fırıldaq var”. Amma tay bir söz deməyib yerindəcə oturdu ki, görsün işin axırı necə olacaq. Amma Bolu bəyin kefi o necə deyərlər, lap itə hürürdü. Bir yellənə-yellənə gəlib dolanırdı ki, ətəkləri göz çıxardırdı. Camal paşa düşmüşdü fikir dəryasına ki, nə eləsin. Bilmirdi Koroğlunun özünü xotkarın hüzuruna göndərsin, ya öldürüb başını göndərsin. Çox fikir, xəyaldan sonra bu qərara gəldi ki, hələlik Koroğlunu zindana salıb xotkara namə göndərib onu işdən xəbərdar eləsin. Koroğlunu gətirib Dünya xanımın imarətinin qabağında bir quyu var idi, saldılar oraya. Bəli, elə ki, Koroğlunu quyuya saldılar. Bolu bəy Camal paşanın yanına gedib zəmin-ədəb öpəndən sonra dedi:


– Paşa sağ olsun! Qoç Koroğlunu diri-diri tutub gətirdim. Xotkarın yanında sənin üzünü ağ, başını uca elədim. İndi “ələhdi minəlvəfa”, verdiyin vədəyə əməl elə!
Paşa dedi:
– Bolu bəy, sözüm sözdü, qızım Dünya xanım sənindi. Ancaq qoy
görək qasid xotkardan nə xəbər gətirir. Sonra toy tədarükünə başlayarıq. Sənə elə bir toy eləyəcəyəm ki, ruzigarın gözü belə toy görməmiş olsun.


Bolu bəy Camal paşanın sözündən arxayınlayıb toy tədarükündə olsun, sənə kimdən xəbər verim, Dünya xanımdan. Dünya xanım axır Bolu bəyi istəmirdi, hər nə qədər eləyirdisə, ürəyi ona yapışmırdı ki, yapışmırdı. Onu görəndə elə bil gözünə tikan batırdı. O elə güman eləmişdi ki, qoç Koroğlu onu öldürər. Yaxası onun əlindən qurtarar. İndi də ki, vurdu, belə oldu. Deyir sən saydığını say, gör fələk nə sayır. Kimin ağlına gələ bilərdi ki, Bolu bəy gedib Koroğlunu tutub gətirəcək.


Odu ki, yazıq qız dizlərini qucaqlayıb qəm dəryasına qərq olmuşdu. Çox fikir-xəyaldan sonra gördü ki, onun bircə nicat yolu var. O da odu ki, Koroğlu xilas olsun. Çünki Dünya xanım bilirdi ki, burada bir hiylə var. Əgər qoç Koroğlu xilas olsa bu heyfi Boluda qoymayacaq. 
Bəli, Dünya xanım bu fikirlə o qədər gözlədi ki, qaranlıq düşdü. Dünya xanım yavaşca ayağa durdu, başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı. İmarətdən çıxıb özünü verdi quyunun başına. Koroğlu qalmışdı quyuda. Dünya xanım bir ip salladı ki, bəs bağla belinə çəkim, səni çıxardım.


Koroğlu elə ki, ip sallayanın Dünya xanım olduğunu bildi, gülüb dedi:
– Ay Dünya xanım, səndə o güc, hünər hardaydı ki, məni çəkib buradan çıxarda biləsən.
Qərəz, uzun baş ağrısı olmasın, Dünya xanım bir az yeməkdən, içməkdən ipə bağlayıb quyuya salladı. Özü də soruşdu ki:
– Bəs bir adamın varmı ki, dalınca gələ?
Koroğlu dedi:
– Dünya xanım, mənim dalımca gəlsə ya Eyvaz gələr, ya  Dəmirçioğlu, ya Dəli Həsən, ya da ki İsabalı.


Dünya xanım oradan yavaşca qayıdıb evə gəldi. Sabahısı mehtəri yanına çağırıb, ovcuna bir çəngə qızıl basıb tapşırdı ki, Qıratdan yaxşı muğayat olsun. Beləliklə, mehtər Qıratdan, Dünya xanım özü də ki, Koroğludan muğayat olmağa başladılar. Bunlar burada qalmaqlarında olsunlar, sənə Çənlibeldə dəlilərdən
xəbər verim. Dəlilər bir gün gözlədilər Koroğlu gəlmədi, iki gün gözlədilər Koroğlu gəlmədi. Üçüncü günü bir yerdə yığıldılar ki, görən bu hara getdi.
İsabalı dedi:
– Tacirin sözü gerçək imiş. Yəqin Bolu bəy gəldi, Koroğlunu tutub Ərzincana apardı.
Dəlilər acıq eləmişdilər. İsabalı gördü ki, dəlilər acıq eləyiblər, tay bir söz deməyib, özü ayağa qalxdı. Yaraqlanıb, çəkdi Düratı yəhərlədi. Mindi, tək-tənha Koroğlunu axtarmağa getdi. Gecəni gündüzə qatdı, gündüzü gecəyə, o necə deyərlər, az getdi, üz getdi, dərə təpə düz getdi, axır gəlib Ərzincana yetişdi.
İsabalı şəhərə çatanda səhər tezdən idi, hələ dükanlar bağlı idi. Göz gəzdirdi, gördü meydanın aşağı tərəfində bir əllaf dükanını yenicə açır. Baxdı ki, dükanda çoxlu arpa çuvalları var, heç nırxını xəbər almamış çuvalın bir böyüyünü götürüb Düratın qabağına qoydu.


Dükançı dedi:
– Ay qoçaq, çəkdirib qədərini bilməmiş, pulunu verməmiş arpanı atına niyə yedirirsən?
İsabalı dedi:
– Qədərini bilmək nədi? Pul nədi? Mən indiyə kimi arpaya pul verməmişəm, indimi verəcəyəm?
Dükançı gördü yox, bu pul-zad verən deyil. Çuvalın bir qulpundan yapışıb atın qabağından çəkmək istədi. İsabalı dedi:
– Arpanı götürmə, at damağ olar.
Dükançı əl çəkmədi. Axırda İsabalı ona bir şillə hərlədi, dükançının ayağı başından aşdı. Qalxmaq istəyəndə bir şillə də elə vurdu ki, dükançının səsi xırp kəsildi, özündən gedib düşdüyü yerdə qaldı. İsabalı ayağını onun sinəsinə qoyub istədi çəksin cücə boğazı kimi boğazını üzüb atsın, ona kimi dükanını yenicə açmış dükançılar töküldülər, yalvar-yapış eləyib dükançını onun əlindən aldılar.
Dünya xanım çoxdan yol gözləyirdi. İsabalını görüb təhr-töhründən yəqin elədi ki, bu Koroğlunun dəlilərindədi, dedi:
– Ey oğlan, kimsən? Hardan gəlib hara gedirsən? Kimi axtarırsan?
İsabalı Koroğlunu axtardığını bildirdi.
Dünya xanım dedi:
–Koroğlu burdadı. Mən çoxdandı ki, səni gözləyirəm. Düş atını tövləyə çək, özün də içəriyə gəl.


İsabalı gördü Dünya xanım doğrudan da tərifli gözəldi. Heç keçiləsi deyil. Düşdü, atını tövləyə çəkdi, gördü Qırat da bu tövlədə bağlanıbdı. Koroğlu tərəfdən ürəyi bir az arxayınlaşdı. Qayıtdı Dünya xanımın yanına gəldi. Dünya xanım yemək, içmək gətirdi. İsabalı yedi, içdi, yatdı. O tərəfdən İsabalının vurduğu dükançı özünə gəldi. Qalxdı birbaş getdi Camal paşanın yanına ki, bəs Koroğlunun buraya bir dəlisi gəlib çıxıb, dükanı-bazarı dağıtdı az qalmışdı ki, məni də öldürə, qaçıb əlindən qurtardım.
Camal paşa hökm elədi. Qoşun atlanıb yolları, bəndləri, bərələri kəsdi. Dünya xanım işdən xəbər tutdu. Gəlib İsabalıya dedi. İsabalı dedi: Dur gedək, Koroğlunun saxlandığı yeri mənə göstər. İsabalı Dünya xanımla Koroğlu olan quyunun başına gəldi. İsabalı kəməndini açdı, quyuya salladı. Koroğlu kəməndin ucunu
belinə bağlayıb tərpətdi. İsabalı ilə Dünya xanım çəkdilər, Koroğlunu quyudan çıxartdılar. Koroğlu İsabalı ilə qolboyun oldu, görüşüb, öpüşdü.
İsabalı dedi:

– Koroğlu, öpüşmək vaxtı deyil, qoşun hər yanı kəsib, tez ol görək nə eləyirik.
Koroğlu ilə İsabalı özlərini atlara yetirdilər. Koroğlunun qılıncını, qalxanını gətirib verəndə Koroğlu dedi:
– Dünya xanım, səni burda qoyub getməyəcəyik. Hazırlaş, qiymətdə ağır, çəkidə yüngül nəyin var götür, bizinən gedək.
Dünya xanım mehtərə dörd at yəhərlədib çəkdirdi. Nə ki qiymətli şeyləri vardı, xurcunnara doldurub atların üçünə yüklədilər. Atın birinə də Dünya xanım özü mindi. Koroğlunun nərəsini eşidəndə qoşun əhlinin canına lərzə düşdü. Koroğlu bir yandan, İsabalı bir yandan, düşmənə hücum elədilər. Bir vurhavur oldu ki, ruzigarın gözü hələ belə vurhavur görməmişdi. Düşmən davam gətirə bilməyib qaçmağa üz qoydu. Axır ki, Koroğlu, İsabalı, yanlarında da Dünya xanım Ərzincandan çıxıb, Çənlibelə tərəf yol başladılar. Bir qədər getmişdilər ki, bir də Koroğlu gördü dallarınca bir bölük atlı gəlir. Koroğlu dedi:
– İsabalı siz gedin, mən qayıdım bunların cavabını verim.


Bunu deyib Koroğlu geri döndü. Bir dəli nərə çəkib özünü qoşuna vurdu. Qıratı sürüb əlində Misri qılınc onların canına düşdü. O ki, qırmalı idi qırdı. Üstəlik bir dəstə atlını da əsir eləyib Qıratın qabağına qatdı. Gəlib İsabalıgilə çatdı. Baxdı Mehtər Murtuz da bu atlıların içindədi. Onu İsabalıya göstərib dedi:
– Bələdçilik eləyib məni tutduran bu idi.
İsabalı istədi ordaca Murtuzun işini tamam eləsin. Koroğlu qoymadı,dedi:
– Əliboş gedərik. Bunları Çənlibelə töhfə aparaq.


Əsirlər də qabaqlarında gəlib Çənlibelə yaxınlaşdılar. O tərəfdən dəlilər Koroğlunun gec gəldiyini görüb dalınca gəlirdilər ki, birdən yolda qabaqlaşdılar. Görüşüb öpüşdülər, bərabər Çənlibelə qayıtdılar. Yol yorğunluqları çıxdı. Bir yaxşı məclis qurub toy elədilər. Dünya xanımı İsabalıya verdilər.