Nağıllar, hekayələr

Lev Tolstoy. İki qardaş

İki qardaş birlikdə səyahətə çıxdı. Günorta meşədə dincəlmək üçün bir ağacın altına uzandılar. Oyandıqda gördülər ki, yanlarında bir daş var və daşın üzərində bir şey yazılıb. Qardaşlar yazını oxumağa başladı. Daşın üzərinə bu kəlimələr yazılmışdı: "Kim bu daşı tapsa, birbaşa günəş doğanda meşəyə getsin; meşədə qarşısına bir çay çıxacaq; çayın o biri tərəfinə üzsün; çayın o biri tərəfində balaları olan bir ayı görəcək; balaları ayıdan uzaqlaşdırıb geriyə baxmadan düz irəli dağa doğru qaçsın: dağda bir ev görəcək və o evdə xoşbəxtlik tapacaq."

 

Qardaşlar yazılanları oxudular. Kiçik qardaş dedi:

 

- Gəl birlikdə gedək. Bəlkə çayı üzüb keçə bilərik, ayıları evə apara bilərik və xoşbəxtliyi birlikdə tapa bilərik.

 

Böyük qardaş ona cavab olaraq dedi:

 

- Ayı balaları üçün meşəyə getməyəcəm və sənə də məsləhət görmürəm.

Birincisi: kim bilə bilər ki, bu daşın üstündə yazılanlar həqiqətdir; bəlkə də bütün bunlar bir zarafatdır. Bəlkə yazılanları düz başa düşmədik.

İkincisi: əgər həqiqət yazılıbsa... meşəyə girsək - gecə düşəcək, çaya çata bilməyəcəyik və azacağıq. Çayı tapsaq da, onu necə keçəcəyik? Bəlkə sürətli və genişdir?

Üçüncüsü: deyək ki çayı keçdik, balaları ayıdan almaq asan bir şeydir? O, bizi parçalayacaq.

Dördüncüsü isə: balaları götürə bilsək də dağa dincəlmədən çıxa bilməyəcəyik.

Ən əsası isə burada deyilmir: bu evdə hansı xoşbəxtliyi tapacağıq? Bəlkə də bizim üçün elə bir xoşbəxtlik olacaq ki, ona heç ehtiyacımız yoxdur.

 

Kiçik qardaş isə dedi:

 

- Məncə, elə deyil. Əbəs yerə bunu daşa yazmazdılar. Burada hər şey aydın şəkildə yazılıb.

Birincisi: cəhd etsək çətinlik çəkməyəcəyik.

İkincisi: getməsək, başqası daşdakı yazını oxuyub xoşbəxtlik tapacaq, biz isə heçnəsiz qalacağıq.

Üçüncüsü: cəhd etməsək heç bir şey əldə edə bilmərik.

Dördüncüsü: Heç kimin nədənsə qorxduğumu düşünməsini istəmirəm.

 

Sonra böyük qardaş dedi:

 

- Atalar sözündə deyilir: "Böyük xoşbəxtlik dalınca qaçan azdan da olar".

 

Kiçik qardaş ona cavab olaraq:

 

- Mən isə eşitmişəm: "Qurddan qorxursan, meşəyə getmə"; və üstəlik: "Yatan daşın altından su axmaz." Mən gedəcəm!

 

Kiçik qardaş getdi, böyük qardaş isə qaldı.

 

Kiçik qardaş meşəyə girdi, çayı üzərək o biri tərəfinə keçdi, çayın sahilində bir ayı gördü. Ayı yatırdı. O, ayının balalarını tutub arxaya  baxmadan dağa doğru qaçdı. Zirvəyə təzəcə çatmışdı ki, onun qarşısına insanlar çıxdı, onu bir arabaya mindirib, şəhərə apardılar və özlərinə hökmdar etdilər.

 

Kiçik qardaş beş il padşahlıq etdi. Altıncı ildə isə müharibə yolu ilə ona qarşı daha güclü bir padşah gəldi; şəhəri fəth edib onu qovdu. Kiçik qardaş yenidən səyahətə çıxdı və böyük qardaşın yanına gəldi.

 

Böyük qardaş kənddə nə varlı, nə də kasıb, orta halda yaşayırdı. Qardaşlar bir-birlərini görüb çox sevindilər və həyatları haqqında bir-birinə danışdılar.

 

Böyük qardaş dedi:

 

- İndi mənim düz olduğumu yəqin başa düşdün: hər zaman sakit və yaxşı yaşadım, sən isə kral oldun, ancaq çox kədər gördün.

 

Kiçik qardaş ona cavab verdi:

 

- O zaman meşədəki dağa getdiyim üçün heç kədərlənmirəm; indi özümü pis hiss etsəm də, həyatımda xatırlayacaq bir şeyim var,  sənin isə xatırlayacaq bir şeyin yoxdur.