Dastanlar

“Qulun qaçması” qolu

Eşit quldan!
Elə ki, qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdü Ələmqulu xanın yanına.  Ələmqulu xan varlı-karlı, dövlətli xan idi. Kəndləri, bağları, sürüləri, ilxıları, naxırları, o necə deyərlər, bircə donuzu əskik idi.  Dövləti yer batırırdı. Deyərlər ki, hərə bir şeyin bazı olar. Bu Ələmqulu xanın da bir xasiyyətini sənə deyim ki, yaman atbaz idi. Bunun bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxıda bir cüt var idi: bir erkək, bir dişi.  Elə ki, qul gəlib çıxdı bura, Ələmqulu xana xəbər verdilər ki, bəs bir qara qul gəlib, amma altında bir at var, bir at var ki, ruzikarın gözü belə at görməyib. Özü də səni görmək istəyir. Xan hökm elədi. Qulu atı ilə bərabər çəkdilər onun hüzuruna.  Ələmqulu xan baxdı ki, doğrudan da at, nə at?.. At deyil, bir bəzəkli gəlindi. Özü də yerlə, göylə oynayır. Ələmqulu xanın gözü düşdü Ərəbata. Üzünü qula tutub soruşdu:
– De görüm, kimsən? Nə karasan? Hardan gəlib, hara gedirsən?
Qul dedi:
– Xan sağ olsun, mən Əhməd tacirbaşının quluyam. Qafın anrı üzünə xırıda getmişdik. Qayıdan baş quldurlar düşdülər üstümüzə. Maldövləti aldılar. Karvan əhlinin də hamısını əsir eləyib apardılar. Bircə bu atın sayəsində mən canımı qurtarıb qaçdım. İndi mən gərək bu xəbəri Toqatda Hasan paşaya çatdıram. Ancaq qorxudan gedə bilmirəm. Quldurlar mənim qaçmağımı görüb dalımcan at saldılar. İndi, yəqin ki, bütün bəndləri, yolları kəsiblər. Ələmqulu xan getdi fikrə. Dedi:
– Yaxşı, əgər mən bu xəbəri Hasan paşaya çatdırsam, mənə nə verərsən?
Qul dedi:
– Xan sağ olsun, mən bir qul adamam. Mənim nəyim var ki, sənə də nə verim? Dari-dünyada bir bu canımdı ki, o da öz ixtiyarımda deyil. Amma ki, sən bu xəbəri Hasan paşaya çatdırıb, Əhməd tacirbaşını ölümdən qurtarsan, o, səni dünya malından qəni elər. Hasan paşanın da yanında hörmət sahibi olarsan.
Ələmqulu xan dedi:
– Mənə dünya malı lazım deyil. Mən bu xəbəri Hasan paşaya çatdırram. Amma bir şərtlə.
Qul dedi:
– Bu canım qurban olsun sənə, xan, o şərt nə şərtdi?
Ələmqulu xan dedi:
– Şərt budu ki, gərək bu atı satasan mənə. Özün də ta ağan qurtarıncan mənə qonaqsan. Gedəndə də sənə ilxıdan ürəyin istəyən bir at verərəm.
Qul dedi:
– At da sənə qurbandı, mənim canım da. Ancaq adam göndəriləndə mənim də o adama tapşırılası sözüm var.
Ələmqulu xan dedi:
– Yaxşı.


O saat əmr olundu, qasid hazırlandı. Namə yazıb verdilər qasidə. Üstəlik bir namə də qul yazdırıb verdi ona ki, bəs: “Hasan xan, Əhməd tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib Bayazid yazısına. Tez qoşun yeridib onları tutasan”. Bəli, elə ki, namələr hazır oldu, qasid bir yüyrək at minib düşdü yola.
İndi qasid şəhərdən çıxmaqda olsun, qul da Ələmqulu xanın yanında qalmaqda, sənə deyim Dəmirçioğlugildən. Dəmirçioğlu, Gürcüoğlu Məmməd, bir də  Tanrıtanımaz səhər təzəcə açılanda çatdılar haman yol ayrıcına. Xoşbaxtlıqdan o gecə də yaman şeh düşmüşdü. Baxdılar ki, at ləpirləri ayrıldı. Ləpirin biri gedir
Bayazidə tərəf. Amma o biri ayrılıb düşüb ikinci yola. Dəlilər bildilər ki, Bayazidə tərəf gedən ləpir Qıratındı, ikinci yola gedən Ərəbatın. Onlar da atların başını döndərib düşdülər haman yola. Gəlhagəl, gəlhagəl, gəlib çatdılar Ələmqulu xanın kövşəninə. Elə şəhərə tərəf gedirdilər, bir də baxdılar ki, budu, bir atlı çaparaq gəlir. Dəmirçioğlu dedi:
– Dayanın, bu atlı şəhərdən gəlir. Qoy gəlsin, bəlkə bundan bir şey öyrəndik.
Dayanıb başladılar gözləməyə. Atlı gəlib çatdı. Sən demə, bu, Hasan paşanın yanına gedən qasiddi. Tanrıtanımaz ata bir qırmanc göstərib, aldı qasidin başının üstünü. Dedi:
– Ayə, dayan görüm kimsən? Haradan gəlib, haraya gedirsən?
Qasid dedi:
– Ələmqulu xanın qasidiyəm, Toqata gedirəm. Hasan paşaya namə aparıram.
Tanrıtanımaz soruşdu:
– Nə namə?
Qasid dedi:
– Əhməd tacirbaşını quldurlar soyublar. Mallarını alıb, özünü də əsir eləyiblər. İndi onun xəbərini aparıram Hasan paşaya. Elə bu sözdə Dəmirçioğlu çatdı. Dedi:
– Ələmqulu xan bu işi haradan bilib?
Qasid dedi:
– Əhməd tacirbaşının qulu xəbər gətirib. Altında da bir yaxşı at var idi, bağışladı Ələmqulu xana. O da əvəzində ona söz verdi ki, xəbəri Hasan paşaya çatdırsın.
Tanrıtanımaz dedi:
– Naməni bəri ver görüm!
Qasid dedi:
– Niyə verim?
Qasid elə bunu deməyini gördü. Bayaq Tanrıtanımaz tutdu qasidin xirtdəyindən ki:
– Ayə, necə yanı niyə verim?


Qasidin gözləri çıxdı kəlləsinə. Dəmirçioğlu bir təhər ki, qasidi onun əlindən alıb buraxdı. Elə ki, qasidin ağlı başına gəldi, Dəmirçioğlu ona dedi:
– Əhməd tacirbaşını quldurlar tutmayıb. Əhməd tacirbaşını tutan Koroğludu. O qul hər nə deyibsə, hamısını yalan deyib, o at da ki, o, xana bağışlayıb, o da Koroğlunun atıdı. İndi buradan birbaş qayıdarsan Ələmqulu xanın yanına. Ona deyərsən ki, Koroğlunun üç dəlisi gəlib, qulu da, atı da istəyirlər. Qasid birbaş qayıtdı Ələmqulu xanın yanına. Ələmqulu xan əhvalatdan xəbərdar olcaq, hökm elədi qoşun yeridi. Dəmirçioğlu baxdı ki, qulun əvəzinə, budu qoşun gəlir...


Başa düşdü ki, Ələmqulu xanın fikri özgədi. Dəlilər baxdılar ki, qoşun gəlir. Tanrıtanımazla Gürcüoğlu Məmməd qılıncları çəkdilər ki, dava başlasınlar. Dəmirçioğlu qoymadı, dedi:
– Dayanın! Qoy görək hələ bunun fikri nədi? Biz ondan öz atımızı istəyirik. O bizdən nə istəyir ki, belə qoşun gətirib. Atını sürüb gəldi qoşunun qabağına. Ələmqulu xana dedi: 
- Koroğlunun atını verin sakitcə döyüş filan olmasın.
Ələmqulu xan elə bildi ki, Dəmirçioğlu belə deməkdə qoşundan qorxur. Hay vurdu ki:
– Tutun, qollarını bağlayın! Atlarını da əllərindən alın!


Qoşun yeridi dəlilərin üstünə. Misri qılınclar çəkildi. Dəlilər ac qurd kimi özlərini vurdular Ələmqulu xanın qoşununa. Axşam qaş qaralanacan bu qoşuna bir vay verdilər ki, dünyanı Ələmqulu xanın başına dar elədilər. Xan dava başlamağına peşiman oldu. Ancaq day iş o yerdən keçmişdi. Axşam üstü xan hökm elədi. Qoşun qayıdıb şəhərə doldu. Qapıları da bərk-bərk bağladılar. Onlar oturub səhəri gözləməkdə olsunlar, eşit dəlilərdən!


Dəlilər dedilər: “Beləliklə biz nə atı, nə də qulu ala bilməyəcəyik. İndi şəhərə də girsək onları tapmaq olmayacaq. Bəs biz nə eləyək ki, bu özü atı da versin, qulu da versin”. Tanrıtanımaz dedi:
– O məndə.
Soruşdular:
– Necə?
Dedi:
– Biz səhər gələndə Ələmqulu xanın ilxısı, bax, o dərənin içində idi. Gəlin gedək ilxıçıları tutaq. Əl-ayaqlarını bağlayaq. Özünə də sifariş göndərək ki, ya atı, qulu ver, ya da ki ilxını aparırıq. Onda canının dərdindən gətirib verər.


Tanrıtanımazın tədbiri dəlilərin beyninə batdı. Durub atları minib, özlərini verdilər haman dərəyə. Baxdılar ki, ilxı doğrudan da dərədədi. Hay demədən düşdülər ilxıçıların üstünə. İlxıçılar qısqını bərk görüb təslim oldular. Dəmirçioğlu onlara dedi:
– Bu saat gedərsiz xanınızın yanına. Deyərsiniz ki, ya qulu da, atı da versin, ya budu ki, bütün ilxını haylayıb aparacağıq.
İlxıçılar özlərini yetirdilər Ələmqulu xanın yanına ki:
– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturmusan? Bəs halhekayət belə. Koroğlunun dəliləri bu saat əyləşiblər dərənin gədiyində, özləri də belə deyirlər:
Ələmqulu xan soruşdu:
– Ədə, bir əməlli-başlı danışın görüm, hansı dərədə?
İlxıçıbaşı dedi:
– Belə daşlı dərədə ey... daşlı dərədə. Başının çarəsini tap!
Ələmqulu xan getdi fikrə. Handan-gecdən dedi:
– Bəli, onlar ki girdilər daşlı dərəyə, bir il də orada qalsalar nə biz onlara bata bilərik, nə də ilxını onlardan ala bilərik.


İndi sənə deyim daşlı dərədən, gör necə dərə idi. Daşlı dərənin girəcəyi dar bir gədik idi. İki adam güclə girə bilərdi. Çıxacağı da beləcə dar idi. Özü də çıxacağına iri bir daş düşüb yolu elə kəsmişdi ki, kim dərəyə girsəydi, gərək yenə də qayıdıb girəcəkdən geri çıxaydı. Odu ki, adına Daşlı dərə deyirdilər. İndi ilxı dərənin içində idi.

 

Dəlilər də kəsmişdilər haman o dar gədiyi. Odu ki, Ələmqulu xan bu sözü ilxıçılardan eşitcək əl-ayağı yerdən-göydən üzüldü. Döndü qoşun böyüklərinə ki:
– Tədbir! Deyin görək nə təhər eləyək?
Heç kəs bir məsləhət verə bilmədi. İş belə olanda Ələmqulu xan hökm elədi ki:
– Qızım Ruqiyə xanıma deyin, gəlsin mənim hüzuruma!


Xəbər getdi Ruqiyə xanıma. Ruqiyə xanım durub gəldi Ələmqulu xanın məclisinə. Ruqiyə xanım ki, var idi, Ələmqulu xanın bircə qızı idi. Daridünyada bu qızdan başqa zürriyyəti olmamışdı. Odu ki, Ələmqulu xan əlindən gələni Ruqiyə xanım üçün eləmişdi. Day elm qalmamışdı, kitab qalmamışdı ki, onu oxutmamış olsun. Qız özü də çox fəhmlifərasətli idi. Bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. Ələmqulu xan həmişə çətin işə düşəndə Ruqiyə xanımı məsləhətə
çağırardı. İndi də ona görə çağırmışdı. Qərəz, Ruqiyə xanım gəldi atasının yanına. Ələmqulu xan əhvalatı necə ki, olmuşdu ona danışıb məsləhət istədi. Ruqiyə xanım bir az fikrində götür-qoy eləyib dedi:
– Ata! Bu gələn hələ Koroğlunun üç dəlisidi. Sabah, birisi gün Koroğlu görsə ki, dəlilər gəlmədi, durub özü də gələcək. Sən bir fikir elə gör, onda nə olacaq.
Ələmqulu xan dedi:
– Yaxşı, bəs necə eləyək?
Ruqiyə xanım dedi:
– Necə eləyəcəksən? Gərək qulu da, atı da verəsən. Onlar ki, sənə bir pislik eləmirdilər. Elə genə də eləmirlər. Öz atlarını, bir də düşmənlərini istəyirlər.
Ələmqulu xan dedi:
– Qızım, iş o yerdən keçib. Əgər dünən elə qasidi göndərəndə versəydim, sən deyən düz idi. Ancaq indi versəm, bütün xanların, paşaların içində bihörmət olub gedərik. Hər yerdə deyərlər ki, Ələmqulu xan üç adamın əlində aciz qalıb təslim olub.
Ruqiyə xanım dedi:
– Sən niyə elə eləyirsən ki? Götür onlara bir namə yaz! Yaz ki, bəs mən bilməmişəm ki, siz Koroğlunun dəlilərisiniz. Mən çoxdan Koroğlu ilə dost olmağa fürsət axtarırdım. Naməni lap elə mən özüm götürüb vəzir-vəkil ilə gedim onların yanına. Gətirim onları evə. Bir neçə gün qonaq saxla. Hörmət elə. Atı da, qulu da ver, getsinlər. Eşidənlər də desinlər ki, Ələmqulu xan Koroğlunun dostudu. Ondan sonra qorxudan bir xan, bir paşa sənin həndəvərindən keçə bilməz. Məclisdəkilərin hamısı Ruqiyə xanımın məsləhətinə afərin dedi. Tez namə yazıldı. Ruqiyə xanım vəzir-vəkil, ağsaqqal-qarasaqqalları da yanına alıb, Daşlı dərəyə tərəf yol başladı. Dəlilər bir də baxdılar ki, budu bir dəstə adam gəlir, qabaqlarında da bir qız. Heç birinin də yaraq-yasağı yoxdu. Dəmirçioğlu dedi:
– Afərin sənə, Tanrıtanımaz! Tədbirin yaman baş tutdu. Ələmqulu xan barışığa gəlir.
O qədər gözlədilər ki, dəstə gəlib yaxınlaşdı. Baxdılar ki, vallah, bu qız elə bir qızdı ki, şam kimi şölə verir, çıraq kimi işıq salır. Elə bil ki, zalımın qızı büllurdan yaranıb. Gürcüoğlu Məmməd dedi:
– Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki, Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz. Məndən ümidini üzsün. Mən dönüb oluram Məcnun. Boynuma bir zəncir bağlayacağam, ucunu da verəcəyəm bu qızın əlinə. Hara çəkir, özü bilər.


Dəmirçioğlu macal tapmadı ki, Gürcüoğlu Məmmədin cavabını versin. Ələmqulu xanın adamları gəlib çatdılar. Ruqiyə xanım salam verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. Ruqiyə xanım Ələmqulu xanın naməsini verdi. Dəlilər oxuyub namədən hali olcaq Gürcüoğlu Məmməd dedi:
– Gedək!
Dəmirçioğlu dedi:
– Sən dayan!
Sonra üzünü Ruqiyə xanıma tutub dedi:
– Biz xanın məclisinə gedirik. Ancaq şərtimiz var.
Ruqiyə xanım soruşdu:
– Şərtiniz nədi?
Dəmirçioğlu dedi:
– Şərtimiz budu ki, qulu da, atı da gətirib buradaca verəsiniz bizə. Bizlərdən birimiz onları gərək tez aparıb Koroğluya çatdıra. İkimiz gələrik xanın hüzuruna.
Ruqiyə xanım dedi:
– Baş üstə! Siz gözləyin! Biz yarım saata gələrik.
Bunu deyib, Ruqiyə xanım adamları da götürüb geri qayıtdı. Elə ki, onlar gedib gözdən itdilər, dəlilər başladılar məşvərətə.
Dəmirçioğlu dəlilərdən soruşdu:
– Deyin görüm, məsləhətiniz nədi?
Tanrıtanımaz dedi:
– Mənim məsləhətim budu: o qədər gözləyək ki, at ilə qulu gətirsinlər. Elə ki, gətirdilər, ikisini də götürək. Birbaş çıxıb gedək. Bizim Ələmqulu xanın yanında nə işimiz var? Sonra ortalıqda hiyləmiylə olar. Xan tayfasına bel bağlamaq olmaz.
Gürcüoğlu dedi:
– Yox, Tanrıtanımaz, hər nə desən de, bunu demə. Biz gərək xanın yanına gedək. Getməsək heç olmaz.
Dəmirçioğlu dedi:
– Tanrıtanımaz, Gürcüoğlu ayrı fikirlə deyir. Amma ki, biz xanın yanına getməliyik. Yoxsa sən deyən kimi eləsək, elə biz də olarıq xanların, paşaların tayı. Day ondan sonra heç kəs bizim sözümüzə inanmaz. Bir də deyərlər ki, Koroğlu dəliləri qorxdular. Lap hiylə də olsa, biz gərək gedək. Amma ki, işimizi də möhkəm tutaq.
Dəlilər soruşdular:
– Necə?
Dəmirçioğlu dedi:
– Belə ki, bizim birimiz gərək atla qulu götürüb Çənlibelə aparaq. Koroğluya çatdıraq ki, işdi hiylə-zad olsa, atla qul əldən getməsin. İndi deyin görüm, Çənlibelə hansınız gedəcəksiniz?
Gürcüoğlu Məmməd üzünü Tanrıtanımaza tutub dedi:
– Tanrıtanımaz, sən özün bilirsən ki, mən dost yolunda candan keçərəm. Amma bu yerdə gərək sən mənə kömək eləyəsən. O necə deyirlər, ölmüşəm, yerdən götür. Mən gərək o xanın məclisinə gedəm. O qıza heç olmasa bir doyunca baxam. Mən ölüm, sözümü yerə salma!
Tanrıtanımaz dedi:
– Sən niyə ölürsən? Qurban olsun sənə at da, qul da, Ələmqulu xanın özü də. Hələ desən, lap Ələmqulu xanın...
Gürcüoğlu Məmməd tez onun sözünü kəsdi ki:
– Amandı elə söz demə!
Dəlilər gülüşdülər. Bu dəmdə bir də gördülər ki, dəstə gəlir. Ərəbatı da gətirirlər, qulu da.
Tanrıtanımaz dedi:
– Eybi yoxdu. Siz gedin Ələmqulu xanın yanında keyf eləyin. Mən də bu keyfin əvəzini yolda quldan çıxacağam.
Dəmirçioğlu dedi:
– Ancaq biz Ələmqulu xanın yanında bircə gün qalacağıq. Sabah axşam Çənlibeldə olacağıq. Olduq, olduq. Olmadıq, onda bilin ki, o necə deyərlər, başımız əlimizdə deyil. Koroğluya elə beləcə deyərsən. Sonrasını özü bilər. Hər necə ki, eləmək lazımdı, özü elər. Bəli, dəstə gəlib çatdı. Ruqiyə xanım atı da, qulu da Dəmirçioğluna verib dedi:
– Əl-əhdi minəl-vəfa. Biz öz vədimizi yerinə yetirdik. Siz də öz sözünüzün ağası olun.
Dəmirçioğlu dedi:
– Bizə Koroğlu dəlisi deyərlər, xanım! Bizdə xilaf söz olmaz. Ondan Dəmirçioğlu götürüb qulu mindirdi Tanrıtanımazın atına. Ayaqlarını da atın qarnının altında möhkəm-möhkəm bağladı. Qul başladı yalvarmağa ki:
– Bir qələtdi eləmişəm.
Dəmirçioğlu dedi:
– Bizə heç zad demə! Hər nə ki sözün var, Çənlibeldə Koroğluya deyərsən.
Elə ki, qulun işi düzəldi, ondan Tanrıtanımaz da Ərəbata minib onu saldı qabağına. Elə yol başlamaq istəyəndə Dəmirçioğlu dedi:
– Ayə, Tanrıtanımaz, sən Tanrısız, Allahsız bir adamsan. Yolda acıqın tutar, ona bir şey-zad eləyərsən ha... Bax, Çənlibelə salamat apar çıxart!
Tanrıtanımaz dedi:
– Tanrını da tanımasam, Koroğlunu tanıyıram. Elə şey eləmərəm. 
Bunu deyib, Tanrıtanımaz ata dəydi. Qul da qabağında Çənlibelə tərəf yola başladı. Dəmirçioğlu o qədər gözlədi ki, onlar gedib gözdən itdilər. Ondan üzünü Ruqiyə xanıma tutub dedi:
– Xanım, indi biz sizin qulluğunuzda hazırıq. Haraya deyirsən gedək!
Ruqiyə xanım dedi:
– Qulluq sahibi olasınız! Buyurun!


Ruqiyə xanım düşdü qabağa. Dəmirçioğlu sağ tərəfində, Gürcüoğlu Məmməd sol tərəfində, qalan adamlar da onların dalınca şəhərə tərəf yol başladılar. Bəli, şəhər qapıları taybatay açıldı. Qoşun çıxdı istiqbala. Qurbanlar yıxıldı yerə, cahi-cəlal ilə gəlib çatdılar xanlar qapısına. Ələmqulu xan özü yerindən durub onları pişvaz elədi. Əllərindən tutub məclisə gətirdi. Birini sağ tərəfində oturtdu, birini də sol tərəfində. Vəzir, vəkil, hamı yerli-yerində əyləşdi, sonra məclisin yuxarı tərəfində bir ipək pərdə asdılar. Ruqiyə xanım da öz başının qızları ilə gəlib bu pərdənin dalında qərar tutdu. Ələmqulu xan başladı söhbətə. Bir az oradan danışdı, bir az buradan danışdı, axırı mətləb üstə gəlib dəlilərdən üzrxahlıq elədi. Amma məclisdə nə danışıldısa Gürcüoğlu Məmməd heç birini eşitmədi. Gözləri elə zillənib qalmışdı pərdənin dalında. Dəmirçioğlu hətta bir-iki dəfə onu dümsüklədi də, bir şey çıxmadı. Elə ki, xan üzrxahlığını elədi, yemək-içmək başlandı. Saqi girdi
məclisə. Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq verdi ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu, gecədən də bir pas keçmiş məclis dağıldı. Hamı yatdı. Amma sən gəl ki, ilan vuran yatdı, amma nə Dəmirçioğlunun gözünə yuxu getdi, nə də Gürcüoğlu Məmmədin. Səhəri beləcə açdılar. Dan yeri söküləndə Dəmirçioğlu qalxdı ki:
– Dur! Getmək lazımdı.
Gürcüoğlu dedi:
– Dəmirçioğlu, ölümə desən bu saat gedərəm. Amma ki, Ruqiyə xanımı aparmamış buradan gedəsi deyiləm.
Dəmirçioğlu dedi:
– Ayə, dəli olma, axmaq olma, biz qızı necə apara bilərik? Buna aləm nə deyər? Koroğlu nə deyər? Biz kişi ilə dost olmuşuq, çörək kəsmişik.
Gürcüoğlu dedi:
– Bəs necə eləyək?
Dəmirçioğlu dedi:
– Heç zad. Necə eyləyəcəyik. Gedərik, mən əhvalatı Koroğluya deyərəm, elçi göndərərik, alarıq.
Gürcüoğlu dedi:
– Onda bir gün də qalaq. Heç olmazsa bircə dəfə də, pərdə dalından da olsa, onu görüm, sonra gedək.


Dəmirçioğlu nə qədər elədisə bir şey çıxmadı. Gürcüoğlunu yola gətirə bilmədi. Axırda çar-naçar qaldı. İndi bunlar burada qalmaqda olsunlar, eşit Çənlibeldən.


Tanrıtanımaz sağ-salamat Çənlibelə gəlib atı da, qulu da Koroğluya verdi. Qul düşdü Koroğlunun ayaqlarına. Koroğlu heç ona tərəf baxmadı da. Dəli Həsənə işarə elədi ki:
– Apar, sal ağasının yanına. Qoy uşaqlar da gəlsinlər, sonra onların işinə baxacağam.


Qulu da Əhməd tacirbaşının yanına salıb, başladılar Dəmirçioğlugili gözləməyə. Gündüzü gözlədilər, gecəni gözlədilər, sabahı da axşamacan gözlədilər, dəlilər gəlib çıxmadı. İş belə olanda Koroğlu acıqlandı. Hay vurdu, bir Dəli Mehtərdən, bir də xanımlardan başqa Çənlibeldə nə qədər dəli var idi, hamısı atlandı. Gecə ilə yeddi min yeddi yüz yetmiş yeddi dəli duman kimi Ələmqulu xanın şəhərini araya aldı. Elə ki, səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı ki:
– De görüm, nə məsləhət görürsən? Gecə ikən şəhərə girək, ya səhəri gözləyək?
Tanrıtanımaz dedi:
– Koroğlu, biz yaxşı eləyib gəlmişik. Ehtiyat ki, var yaxşı şeydi. Amma ki, mənim ürəyim çox sakitdi. Dəlilərin başında heç bir şey yoxdu. Yəqin elə Gürcüoğlunun şuxluğu tutub. Qızın yanından ayrıla bilmir. Dəmirçioğlu da ona görə dayanıb qalıb. Hər halda səhəri gözləmək yaxşıdı. Sonra xəcalətli olarıq. Dəlilər Tanrıtanımazın fikrini bəyəndilər, o qədər gəzdilər ki, səhər açıldı. Şəhər əhli duran-duran baxdı ki, şəhərin ətrafı tutulub. Camaatı vahimə aldı. Töküldülər xanlıq qapısına. Ələmqulu xan durub gördü ki, bəli, necə deyirlər elədi. Şəhərin ətrafı elə tutulub, elə tutulub ki, elə bil ətdən divar çəkilib. Tez vəziri çağırıb göndərdi ki,
bilsin-görsün bu nə olan işdi. Vəzir gəlib çatanda gördü nə... Gələn Koroğludu... 


Vəzir başı lovlu qayıdıb əhvalatı Ələmqulu xana danışdı. Ələmqulu xan Ruqiyə xanımı çağırdı. Ruqiyə xanım dedi:
– Qorxma! Mən bu saat işi yoluna qoyaram. Oradan birbaş gəldi Dəmirçioğlugilin otağına. Dəlilər də işdən bixəbər hazırlaşırdılar ki, yola çıxsınlar. Ruqiyə xanım gəldi dəlilərin yanına. Dəlilər soruşdular:
– Nə olub?
Ruqiyə xanım hal-əhvalatı danışdı. Dəmirçioğlu dedi:
– Sən heç qorxma, Ruqiyə xanım. Bu saat biz özümüz gedərik onun yanına.


Bunu deyib, ikisi də bayıra çıxdı. Atları minib, birbaş Koroğlunun yanına gəldilər, Koroğlu elə ki, dəliləri sağ-salamat gördü, arxayınladı, onları məzəmmət eləməyə başladı. Dəlilər ikisi də başlarını saldılar aşağıya. Dəmirçioğlu dedi:
– Koroğlu, biz taqsırkarıq. Hər nə eləsən ixtiyarsan.
Bunu deyib Dəmirçioğlu qılıncını çıxardıb iki əlinin üstündə Koroğlunun qabağına qoydu, özü də diz çökdü. Koroğlu onun qolundan yapışıb qaldırdı. Sonra soruşdu:
– De görüm, əsl müqəssir kimdi? Sənsən, ya Gürcüoğlu?
Dəmirçioğlu dedi:
– Elə ikimizin də taqsırımız birdi. Bir-birindən nə əskikdi, nə artıq.
Koroğlu nə qədər elədi ki, Dəmirçioğlu işin əslini desin, demədi. Elə bircə bunu dedi ki:
– İkimizin də taqsırımız birdi.
Koroğlu işi bilirdi. Bilirdi ki, Dəmirçioğlu Gürcüoğlu Məmmədə görə gecikib. Amma onu da bilirdi ki, Dəmirçioğlu ölüm də olsa, yoldaşı pis ayaqda tək buraxmaz, namərdlik eləyib yoldaşı ələ verməz. Odu ki, onu bir də sınamaq üçün belə qısnayırdı. Elə ki, gördü Dəmirçioğlu sözündən dönmədi, yoldaşın sirrini açmadı, dedi:
– Mərhəba! Mən səni qəsdən sınayırdım. Sağ ol! Sonra dönüb Gürcüoğlundan soruşdu:
– Hə... nə var, nə yox, Gürcüoğlu? Deyəsən Ələmqulu xanın qızı çox xoşuna gəlib.
Gürcüoğlu başını aşağı saldı. Elə bunlar bu sözdə idilər, Ələmqulu xan öz vəzir-vəkili ilə gəlib çatdı. De əl verdilər, görüşdülər, Ələmqulu xan dedi:
– Qoç Koroğlu, mən səninlə dost olmaq istəyirəm. Bütün dəlilərinlə mənə qonaqsan.
Koroğlu nə qədər boyun qaçırmaq istədisə olmadı. Axırda Ruqiyə xanım irəli yeriyib dedi:
– Qoç Koroğlu, sən buradan elə beləcə çıxıb getsən atamı bütün dünyada bədnam elərsən. Kişi dostluq üçün uzanan əli kəsməz.
Koroğlu Ruqiyə xanımın sözündən keçə bilmədi. Ancaq şəhərə də girmədi. Hökm elədi, şəhərin kənarında çadırlar quruldu. Üç gün, üç gecə yemək, içmək oldu. Ələmqulu xan Koroğluya bir qonaqlıq Verdi ki, hələ ruzigarın gözü belə qonaqlıq görməmişdi. Elə ki, üç gün tamam oldu, Koroğlu Ələmqulu xanı çağırıb dedi.
– Xan, elədiyin hörmətə görə çox sağ ol! Ancaq mənim səndən bir təvəqqəm var.
Xan dedi:
– Təvəqqə nədi? Sən əmr elə, mən yerinə yetirim.
Koroğlu dedi:
– Yox. Bu elə bir şeydi ki, əmrlə olmaz. Belə iş ancaq təvəqqədən aşar.
Xan dedi:
– Buyur!
Koroğlu dedi:
Koroğlunun sözün yazma qələtə,
Hesab etmə qanmaza, nabələdə,
Ruqiyə xanımı gəl ver Məmmədə,
Sən gəl bu sövdadan incimə, ay xan!


İncimək nədi? Xan Allahdan belə bir qohumluq axtarırdı. O saat molla, qazı çağırıldı. Ruqiyə xanımın kəbini kəsildi Gürcüoğlu Məmmədə. Toy təzədən başlandı. Üç günün üstünə bir dörd gün də gəldilər, oldu yeddi gün, yeddi gecə. Yeddi günün tamamında istədilər gəlini tapşırsınlar bəyə. Koroğlu razı olmadı. Dedi:
– Çənlibeldə dəlilərin də, xanımların da anası Nigardı. Mən gərək aparıb bir toy da orada eləyəm.


Dəlilər atlandı. Ruqiyə xanımı da götürüb Çənlibelə gəldilər. Xanımlar işdən xəbərdar oldular. Nigar Ruqiyə xanıma xoşgəldin elədi. Toy təzədən başlandı.