Görkəmli şəxsiyyətlər

Antonio Qaudi

Antonio Qaudi - onu modernizmin, arxitekturanın və dəmirin kralı adlandırırlar. Onun şəxsiyyəti heç bir təsnifata sığışmır. Layihələrinin unikallığı və sənətkarlığının qəribəliyi Qaudini müasirlərindən xeyli fərqləndirir. Modernizmin dahisi sayılan Qaudi çox maraqlı və orijinal layihələrin müəllifidir. Öz dogma şəhəri Barselonaya hədiyyə etdiyi 18 əsəri artıq neçə illərdir ki, unikallıq və novatorluğun üstü sayılır.

 

Antonio Qaudi 1852-ci ildə Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhəd bilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub.

 

Gənc yaşlarından memarlığa maraq göstərərək 1860-cı illərin sonlarında, o günlərdə həm İspaniyanın ən modern şəhəri, həm də Kataloniyanın siyasi və mədəni mərkəzi olan Barselonaya gələn Qaudi, buradakı Escola Provinciya dArquitecture universitetində memarlıq təhsilinə başlayıb. 1878-ci ildə məzun olan Antonio universitetin rektoru Elias Rogentin bu sözləri ilə məzunlar arasından seçilib: "Ya bir alim məzun edirik, ya da ki bir axmaq. Bunu zaman göstərəcək".

 

Yaradıcılığının ilk illərində Qaudi Barselonada küçə lampalarının dizaynları ilə məşğul olub. Sonralar əlcəklər üçün emalatxananın vitrinini dizayn edərkən böyük ustası Eusebi Güell ilə tanış olur və bir çox əsərlərini onun adına inşa edir. Artıq Qaudini Barselonasız, eyni ilə də Barselonanı Qaudisiz təsəvvür etmək çətindir.

 

Dahi memarın təməlini 1882-ci ildə Kataloniyanın mərkəzi Barselonada qoyduğu "Saqrada familia" kilsəsinin inşası hələ də davam edir. Arxitektor ömrünün 40 ildən çoxunu kilsənin inşasına həsr etsə də, onun üç fasadından yalnız birini başa çatdırıb, ikinci fasadının layihəsini hazırlayıb, üçüncü fasadının isə yalnız eskizlərini çəkə bilib. Qaudinin 1926-cı ildə faciəli ölümü məbədin tikintisinin başa çatmasına mane olub. Üstəlik, İspaniyada vətəndaş müharibəsi başlanıb, Qaudinin emalatxanasında yanğın baş verib, onun bir çox çertyoj və maketləri məhv olub. Memarsız qalmış layihəni fasilələrlə həyata keçirməyə başlayıblar.

Kilsənin tikintisini böyük ustadın ölümünün 100-cü ildönümünədək - 2026-cı ildə başa çatdırmaq nəzərdə tutulur. 

Dahi memarın Saqrada Familia kilsəsinin tikintisi onun ölümündən sonra könüllü olaraq Kataloniya vətəndaşlarının maliyyə yardımı ilə davam etdirilir. 

 

Antonio Qaudi 1926-cı ildə Barselonada ilk dəfə işləməyə başlayan tramvayın çarxları altında qalaraq faciəli surətdə həlak olub. Deyirlər, sənətkar yolun ortasında dayanıb, özünün layihələşdirdiyi məbədə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Sonra faciələrin sayı çoxalmasın deyə, həmin tramvay xəttini ləğv ediblər. Dünyanın müxtəlif ölkələrindən Barselonaya gələn çoxsaylı turistlər hər gün məbədin ətrafına toplaşaraq başlarını qaldırıb, təəccüblə məbədə baxırlar.