Görkəmli şəxsiyyətlər

Əli Quşçu

Əbül Qasım Ələaddin Əli ibn Məhəmməd əl-Quşçu –məşhur türk-özbək astronomudur.
1403- cü ildə Səmərqənddə anadan olub.

Atasi məşhur sərkərdə Teymurun nəvəsi olan Uluqbəyin şahin saxlayanı idi. Ona görə, Əlibəyin atası sarayda və ətraf əhali arasında quşçu kimi tanınırdı. Sonra bu ləqəb onların soy adına əlavə olundu və onlar Quşçu olaraq bütün bölgədə tanındılar, bu adla şöhrət qazandılar. 


Əli Quşçu ilk təhsilini Səmərqənddə alıb, Bursalı Qadızadə ilə Uluqbəydən riyaziyyat və astronomiyanı öyrənib. O, öz biliyini daha da artırmağı düşünürdü. Bu məqsədlə də təhsilini artırmaq üçün Uluqbəydən icazəsiz Kirmana getdi. Əlinin ustadı Uluqbəydən icazə almadan Səmərqəndi tərk edərək Kirmana getməsi o dövr üçün qəbuledilməz və bağışlanmaz bir iş hesab edilirdi. Ancaq Uluqbəy Əlinin bu addımı biliyini artırmaq məqsədi ilə atdığını nəzərə alaraq, onu bağışladı. 33 yaşı olanda Əli artıq görkəmli, məşhur bir astronom və riyaziyyatçı kimi yetişmişdi.  O 1436-1439-cı illərdə Uluqbəy rəsədxanasına müdir oldu. 


Əli Quşçunun şöhrətinin artması o dövrdə bölgədə hökmdarlıq edən Teymurilər hökmdarı Əbdüllətifin xoşuna gəlmirdi. Onun ətrafındakılar da hökmdarda Əli Quşçu haqqında mənfi rəy formalaşdırmışdılar. Əbdüllətif Əli Quşçunu edam etdirmək üçün bəhanə axtarırdı. Hökmdarın  soyuq münasibətindən sarayda özü barədə məkrli planların hazırlanmasından şübhələnən Əli Quşçu sonda özünü gözləyən təhlükələrdən xilas etmək üçün Həccə getmək niyyətinə düşdü. Bu məqsədlə də Həccə getmək üçün hökmdardan icazə istədi. Lakin Əbdüllətif ona Həccə getməyə icazə vermədi. Bunun özü üçün edam hökmü ola biləcəyi anlamına gəldiyini anlayan Əli Quşçu gecə ikən gizlicə Səmərqənddən çıxdı. Ertəsi gün Əbdüllətif Əli Quşçu haqqında edam hökmü verdi. Əli Quşçunu həbs etmək üçün evinə gələn saray silahlıları onu orada tapmayaraq əliboş geri qayıtdılar.

 

Səmərqənddən qaçan Əli Quşçu 1449-cu ildə Təbrizdə Azərbaycanın Ağqoyunlu türklərinin hökmdarı Uzun Həsənə sığındı. Uzun Həsən Əli Quşçunu böyük ehtiramla qarşıladı. Həmin dövrdə Ağqoyunlularla Qsmanlılar arasında ziddiyyətlər kəskinləşmişdi. İki türk hökmdarı arasındakı ziddiyyətləri aradan qaldırmaq vəzifəsini isə Uzun Həsən Əli Quşçuya tapşırdı. Uzun Həsən Əli Quşçunu Osmanlı sultanı Mehmet Fatehin yanına sülh danışıqlarına göndərdi. Əli Quşçu Uzun Həsənlə Mehmet Fatehin arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün bütün imkanlarını işə saldı. Nəticədə iki böyük türk hökmdarı arasında düşmənçilik tədricən aradan qaldırılmağa başladı. Əli Quşçunun elminə, qabiliyyətinə heyran olan Fateh onu az sonra onu İstanbula dəvət etdi.
Osmanlı - Ağqoyunlu sərhəd boyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.
İstanbulda Əli Quşçu yeni nəsil Osmanlı alimlərinin yetişməsinə öz töhfəsini verdi. Onun yetişdirdiyi məşhur Osmanlı alimləri arasında günümüzdə belə elm aləmində adları hörmətlə xatırlanan Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər var..
Əli Quşçunun hazırladığı plan əsasında o dövrdə nəinki Şərqdə, həm də dünyada məşhur olan Fateh Universiteti quruldu. Əli Quşçunun bir xidməti də Osmanlı türkcəsini bütün islam dünyası üçün elm dilinə çevirməsi oldu.


Əli Quşçu astronomiyaya  və riyaziyyata aid iki əsər yazıb. Onlardan biri Otluqbeli savaşından sonra bitirilərək Osmanlı sultanına təqdim edildiyi üçün Fəthiyə adlanır. Astronomiyaya aid edilən bu əsər üç bölümdən ibarətdir. Birinci bölümdə planetlərdən, ikinci bölümdə Yer kürəsindən, üçüncü bölümdə isə Yer kürəsinin ölçülərindən və planetlərin Yerə olan məsafəsindən bəhs edilir. Əli Quşçunun ikinci kitabı riyaziyyatdır və bu kitab uzun əsrlər Avropada və Şərqdə dərslik kimi istifadə edilib.


Əli Quşçunun digər əsərləri isə bunlardır: "Risale-i fi'l Heyə" (Astronomiya Risaləsi) "Risalə-i fi'l" Fəthiyə (Fətih Risaləsi)," Risale-i Hisap" (Aritmetik Risaləsi), "Tecrid'ül Kəlam" (Sözün Tecridi), "Risale-i Adudiyə", "Unkud-üz zvehir fi Man-ül Cəvahir", "Vaaz", "İstiarad".


Qeyd edək ki, "Risalə Fil-Heyə"DƏN (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.
Bu böyük insan 16 dekabr 1474-cü ildə İstanbulda vəfat etdi. Məzarı Eyyub Sultandadır.