Görkəmli şəxsiyyətlər

Rus səyyahı Mikluxo-Maklay

Rus etnoqrafı, səyyahı və tədqiqatçısı Nikolay-Nikolayeviç Mikluxo-Maklay (1846-1888) — Sakit okean adalarında tropik ölkələrin «vəhşi» xalqlarının həyat tərzini həvəslə öyrənməyə ömrünü həsr etmiş səyyah olub. O, irqindən asılı olmayaraq bütün insanların əqli cəhətdən bərabər olması fikrini irəli sürən və bu ideya uğrunda mübarizə aparan rus səyyahı və antropoloqudur. 


Mikluxo-Maklay 1846-cı ildə  Beroviç şəhəri yaxınlığında Rojdestvo kəndində mühəndis ailəsində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Peterburq universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Universitetdə baş vermiş ixtisarlarda iştirak etdiyinə görə Rusiyada hər-hansı bir təhsil müəssisəsində təhsil hüququ əlindən alındığına görə, əvvəlcə təhsilini Almaniyada Heydelberq Universiteti fəlsəfə fakültəsində, sonra isə Leypsiqdə tibb fakültəsində çox çətinliklə də olsa başa vurub. Darvin nəzəriyyəsilə yaxından tanış olan Mikluxo-Maklay Darvin ideyasının təbliğatçısı professor Hekkellə birlikdə Kanar adaları və Mərakeşə səyahətdə iştirak edib. Bu ərazilərdə avropalıların yerli əhaliyə qarşı xoşagəlməz münasibəti, ona elmi fəaliyyətdə istiqamət götürməyə zəmin yaratdı. 


Əvvəlcə o, vəsaitlə Qırmızı dəniz ətrafına səyahətə çıxmaqla müsəlmanlara məxsus paltarlarda ərəb ölkələrini gəzir. Daha sonra ərəb dilini öyrənməklə, xalqların adət-ənənəsi, məşğuliyyəti ilə maraqlanır. Geri qayıtmaqla Coğrafiya cəmiyyətində çıxış edir. Çıxışda "monogenist"lərə məxsus irqindən asılı olmayaraq bütün insanların eyni mənşəyə malik olmaları haqqında fikirlər səslənir. "Poligenist"lər isə isbat etməyə çalışırdılar ki, ağ və qara irqlər müxtəlif mənşəyə malik olmaqla idarəetmə qabiliyyətləri olmadığından tabe olmaq üçün yaranıblar. Mikluxo-Maklay "Poligenist" fikirlərin düzgün olduğunu isbat etmək məqsədilə tropik ölkələrin "ibtidai" insanlarını tədqiq etmək qərarına gəlir. Rus coğrafiya cəmiyyəti müəyyən miqdarda pulla təmin etməklə "Vityaz" hərbi gəmisində Yeni Qvineya adasına getməyə icazə alır.


1870-ci ilin payızında "Vityaz" gəmisi Kronştaddan yola düşür. Braziliya və Argentina sahillərində üzməklə Cənubi Amerikanın cənubundan Sakit okeana daxil olaraq Santyaqoda dayanır və Akankaqua dağında qısa müddətli tədqiqat işləri aparır. Səyahətini Samoa və Yeni Qvineya istiqamətində davam etdirməklə, əldə edilmiş nəticələr haqqında Coğrafiya cəmiyyətinə məktublarla yazılı surətdə məlumat verən Mikluxo-Maklay 316 sutka üzdükdən sonra tropik meşələrlə zəngin papuasların yaşadığı Yeni Qvineya adasına düşür. Papuaslar balıqçılıq və ovçuluqla məşğul olurdular. Inkişaf səviyyələrinə görə avropalılardan geri qalırdılar. Səyyah bir ildən artıq papuaslar arasında yaşamaqla onların etibarını qazanmaq və gözəl münasibətlər yaratmağa müvəffəq olur. Adanın yerli əhalisini yaxından öyrəndikcə onların əqli cəhətdən tam inkişaf etmə qabiliyyətinə malik olduqlarına əmin olur. Yava adasında Cakartada olarkən, avropalıların müstəmləkə siyasətinin yerli əhalinin məhv olma həddinə çatdırmasının şahidi olur. 1874-1875-ci illərdə iki dəfə Malakka yarımadasında olmaqla «meşə adamları»nı papuaslarla müqayisə edərək Mikluxo-Maklay Malakka yarımadasında yaşayan qəbilələr haqqında ilk elmi məqaləsini yazır.


Mikluxo-Maklay on iki illik səyahətindən sonra 1882-ci ildə vətəni Rusiyaya qayıdır və Rusiya coğrafiya cəmiyyəti qarşısında bütün irqlərin bərabərliyi haqqında çıxış edir. 1882-ci ildə Mikluxo-Maklay yenidən Yeni Qvineyaya qayıdır. 1886-cı ilə qədər Avstraliyada yaşamaqla aborigenləri öyrənir. Elə həmin il Peterburqa qayıtmaqla ruslara Maklay sahillərində rus kaloniyasını yaratmaq təklifini verir. Lakin külli miqdarda vəsait tələb olduğundan təklifə laqeyd yanaşırlar. İnsanları "aşağı" və "ali" irqə bölənlərin əksinə çıxmaqla şöhrət qazanan Mikluxo-Maklay 1888-ci ildə 42 yaşında vəfat edir. Elmi işləri çap olunmamış halda qalmasına baxmayaraq 1941-1945- ci il müharibəsindən sonra Mikluxo-Maklayın şəxsi tədqiqatlarına əsaslanan əsərləri SSRI EA tərəfindən işıq üzü görür.