Görkəmli şəxsiyyətlər

Rixard Vilhelm Vaqner

Böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vilhelm Vaqner (22 may 1813 - 13 fevral 1883), tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Vaqner opera sahəsində böyük islahatlara imza atıb. O, Avropa musiqi mədəniyyətinə, xüsusən də opera və simfoniya janrlarının inkişafına böyük təsir göstərib.


Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından sayılır. O, faşist Almaniyasının lideri Adolf Hitlerin sevimli bəstəkarı olub. 


1831-ci ildə Leypsiq universitetində oxumuş, eyni zamanda kompozisiya dərsi almışdır. 1833-cü ildə Vürsburqda xormeyster, sonralar Maqdeburq (1834-36), Köniqsberq (1837) və Riqanın (1837-39) musiqi teatrlarında dirijor işləmişdir. Vaqnerin həyatı əsasən Almaniyada keçmişdir. Lakin 1849-cu ildə Leypsiqdəki üsyanda iştirak etdiyinə görə Vaqner ölkəni tərk etməli olur. Sonrakı 13 ili Avropanın müxtəlif ölkələrində — Fransada, İsveçrədə, Avstriyada yaşadıqdan sonra yenidən vətəninə qayıdır.


1830-cu illərdə "Pərilər" (1833-34, tamaşası 1888), "Sevgi qadağandır" (1836), "Riyensi" (1838-40, tamaşası 1842) operalarını yazmışdır. "Faust" üvertürası (1840) və "Uçan hollandiyalı" (1841, tamaşası 1843) operası Vaqnerin ilk yetkin əsərləridir. 1843-49 illərdə Vaqner Drezdendəki saray teatrında dirijor işləmiş, orta əsr əfsanələri əsasında "Tanheyzer" (1843-45, tamaşası 1845) və "Loenqrin" (1845-48, tamaşası 1850) operalarını yazmışdır. 1848 ildən Vaqner "Reyn qızılı" (1854), "Valkiriya" (1856), "Ziqfrid" (1871), "Tanrıların qürubu" (1874) operalarından ibarət "Nibelunq üzüyü" tetralogiyası üzərində işləmişdir.


Rixard Vagnerin əsərləri, ələlxüsus son dövr əsərləri özlərinin kontrapunkt teksturaları, zəngin xromatizmi, harmoniya və orkestr və leytmotivlərdən nəfisliklə istifadə etməsi ilə fərqlənir. Rixard Vagner musiqidə bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərmişdir.


O, musiqi təfəkkürünü özünün Gesamtkunstüerk ("mütləq sənət işi") ideyası ilə zənginləşdirmişdir. Bu ideyanın qayəsini bütün növ poetik, vizual, musiqili və dramatik sənətlərin sintezi təşkil edirdi. Bu ideya onun Der Ring des Nibelungen (1876) adlı monumental dörd operadan ibarət silsiləsində öz əksini tapır. Vagner hətta əsərlərini özü təsəvvür etdiyi kimi səhnələşdirmək məqsədilə özünün opera evini da açmışdır.


13 fevral 1883-də Venesiyada vəfat etmişdir.