Məmməd Rahim. “Bahar gəlsin”
Gözəl bahar, gözəl bahar,
Gözləyirik, tez gəl, bahar!
Quşlar köçsün ölkəmizə,
Nəğmə desin yenə bizə.
Gəl, oyansın sıx meşələr,
Yasəmənlər, bənövşələr
Gəlişinlə ətir saçsın,
İydə, innab çiçək açsın.
Hər mövsümün öz yeri var,
Gəl, sevimli, gözəl bahar!
Bu düzlərdə, bu dağlarda,
Yaşıl donlu yaylaqlarda
Yenə quşlar nəğmə desin,
Həyat versin xoş nəfəsin
Bərəkətli torpaqlara -
Mehribansan uşaqlara.
Gəl Xəzərin sahilinə, -
Gözəl, sərin sahilinə.
Yayılanda günəş düzə,
Gəl-gəl desin dəstəmizə.
Ağacların xoş kölgəsi,
Bağçaların nəğmə səsi
Yay ilanda dağa, daşa -
Gəl, səninlə gəzək qoşa.
Gözəl bahar, gözəl bahar,
Gözləyirik, tez gəl, bahar!
26.01.2019