Uşaq yaradıcılığı

Mişel: Ən böyük arzum dünya şöhrətli DJ olmaqdır

“Uşaq yaradıcılığı” rubrikasının bugünkü qonağı Mişel Rəsuldur. Mişelin 6 yaşı var. Əslən azərbaycanlıdır. Bakıda doğulan və bir müddət orada yaşayan Mişel iki il əvvəl ailəsi ilə birgə Dubaya köçüb.

 

Musiqiyə böyük həvəsi olan Mişel bu sahədə olduqca istedadlıdır. Mişel hal-hazırda Dubayda ən gənc DJ-dir. Mişel ilə söhbətimiz zamanı o bizə musiqiyə olan sevgisinin lap balaca vaxtlarından yarandığını, dünyaya göz açdığı gündən ailəsində, ətrafında hər zaman gözəl musiqilər eşitdiyini dedi. Mişelin atasının 20 illik DJ-lik təcrübəsi var. Qızının musiqiyə bu dərəcə marağının olmasında atasının rolu danılmazdır. 

 

“Əvvəlcə bu rəngli düymələri basmaq və valı hərəkət etdirərək onun məzəli cırıltısını dinləmək mənim üçün maraqlı idi” deyən Mişel bizi ailə arxivində saxlanılan yaş yarım olarkən çəkilmiş videosu ilə də tanış etdi. Videodan da görünür ki, Mişelin yaş yarım olanda etməyə başladığı hərəkətlər onun gələcək istedadından xəbər verir. 

 

Mişelə ilk DJ avadanlığını atası 5 yaşı tamam olanda hədiyyə edib. Onun ən böyük arzusu dünya şöhrətli DJ olmaqdır. Bu sahədə dayanmadan məharətlə çalışan Mişelin ailəsindən aldığı dəstək isə ona arzusunu  həyata keçirmək üçün daha da stimul verir.

 

Yaşı az, istedadı isə böyük olan Mişelin artıq müəyyən qədər izləyici kütləsi də formalaşıb. Belə ki, o,  sosial şəbəkələrdəki pərəstişkarları üçün ifa edir, onlar üçün maraqlı videolar çəkir. Publika qarşısında – uşaq yığıncaqlarında, tədbirlərdə çıxış edir. Mişel artıq dünyanın müxtəlif yerlərindən  yüzlərlə, hətta minlərlə insanın sevgisini qazanıb. David Guetta, Dj Snake, Chris Brown, Latoya Jackson, Maya Diab, Massari, Gashi, Soulja Boy, Willy William kimi məşhurlar da Mişelin videolarına şərhlər yazır, hətta onları öz səhifələrində bölüşürlər. Bu isə Mişeli həddindən artıq xoşbəxt edir.  Musiqinin xoşbəxtlik gətirdiyini deyən Mişel DJ-lik etməkdən, rəqs etməkdən və mahnı oxumaqdan böyük zövq alır. 

 

Biz də Uşaq Bilik Portalı adından Mişel ilə tanışlığımızdan məmnun olduq və ona uğurlar arzulayırıq.