Odlar Yurdu

Qazax atları

Azərbaycanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq burada minilliklər boyu atçılıq inkişaf edib. Dünyada məlum olan 160 at cinsindən ikisi – Qarabağ və Qazax (Dilboz) atları Azərbaycana məxsusdur.
 
Qazax atı seleksiya yolu ilə tarixən inkişaf edən qədim Azərbaycan cinsidir. XVIII əsrdən sonra  Ərəb atları, daha sonra Qarabağ atı ilə çarpazlaşdırılan bu at cinsinə “Dəliboz”, “Diliboz”, “Dilboz”,  “Dilbaz” da deyirlər.
 
Atçılığın inkişafında Qazağın Xanlıqlar kəndində olan tanınmış Dilbazlar nəslinin, habelə, Allahyar bəy Zülqədərlinin böyük rolu olub. O da maraqlıdır ki, 1867-ci ildə Rusiyada keçirilən at sərgisində  Dilbaz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdı. XIX əsrin ortalarında Qazax qəzasında 25 minədək at vardı. Lakin birinci və ikinci dünya müharibələri zamanı ön cəbhədə atlardan geniş istifadə edilməsi, onların sayının kəskin azalmasına səbəb olmuşdu.
 
Qazax atı idmanda, minikdə, yük daşınmasında və yüngül qoşquda istifadə olunur. Dözümlüyü və dağlıq şəraitində minik üçün əlverişli olması ilə səciyyələnir. Bu cəhətləri hətta Qarabağ atlarından da üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. 
 
Cinsin yüksək keyfiyyətləri cıdırda da özünü göstərib. Bakı ippodromunda 1940-2000 illərdə keçirilən yarışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962-1990 illərdə keçmiş SSRİ-də keçirilən yarışlarda 39 dəfə iştirak edən Qazax atları səkkiz dəfə birinci yerə layiq görülüb, 36 dəfə isə müxtəlif attestatlar almışlar.
 
Hazırda bu atlar Azərbaycanın qərb və şimal rayonlarında, İranın şimalında, Gürcüstanda və Dağıstanda yayılmışdır. Cinsin ən yaxşı nümunələri Ağstafa “Dilbaz” və Şəki “Daşüz” atcılıq təsərrüfatlarında saxlanılır. 
 
Xalq Şairi Səməd Vurğun məşhur şeirində bu atı belə tərifləyib:
 
Kim minsə Qazağın Dilboz atını,
Götürər toyların bəy baratını!