Şeirlər

İvan Krılov. “Bəxt və dilənçi”

Tərcümə edəni Mirmehdi Seyidzadə


 
Çiynində çox üzgün köhnə bir torba,
Gedirdi bir yoxsul dilənçi baba.
Şikayət edirdi öz taleyindən
Deyirdi bu işdən heyrətdəyəm mən:
Gözəl saraylarda yaşayanlar var,
Onların başından aşıb dövlət, var.
Cibləri qızılnan doludur, fəqət
Acgözlər yenə də axtarır sərvət.
Bəzən də görürsən tamahkarlıqdan,
Varını itirir, dargöz qudurğan.
Çəkir çox zərərlər, boşalır cibi,
Məsələn, bu evin köhnə sahibi.
Getdi ticarətə, pul qazanmağa,
Varlandı, nəhayət, oldu bir ağa.
İndi gərək gözəl ömür sürəydi,
Alverdən əl çəkib, xoş gün görəydi.
Özündən sonra da qoyaydı dövlət,
Bunun əvəzinə güddü mənfəət.
Kişi harınlıqdan gör nə qudurdu,
Yazda gəmilərə xeyli mal vurdu.
Yolladı alverə, pul qazanmağa
Ki, artsın sərvəti, dönsün bir dağa.
Sındı gəmiləri, malları batdı,
Var-yoxu dənizin dibinə yatdı.
İndi nə dövləti, nə də malı var,
Özünü yuxuda görür sərvətdar.
İltizamçılıqla başqa bir nəfər,
Pul yığdı bir milyon xalis gümüş, zər.
İki milyon etmək istədi bunu,
Heç puç oldu getdi hərifin sonu.
Müxtəsər çox-çoxdur bu misallardan,
İş vaxtı tanılar namuslu insan.
Bəxt gəlib bu zaman yetişdi birdən.
Dedi: - Qoca, səni axtarırdım mən,
Bol qızıl yığmışam sənə, bircə bax!
Torbanı aç, dostum, bir şərt var, ancaq,
İndidən deyirəm bunu aydın bil,
Torbandan nə düşsə olacaq zibil.
Biz gərək bu şərti saxlayaq möhkəm,
Odur tamahını eylə bir az kəm.
Köhnədir, süzükdür sənin bu torban,
Əgər bu torbanı xeyli doldursan.
Yırtılar... Qocanın güldü gözləri,
Sevincdən elə bil görmürdü yeri.
Torbasını açdı... səxavətli əl,
Yağış kimi tökdü pulu əlbəəl.
Torba ağırlaşdı...
-Bəsdir?
-Tök bir az!
-Bax torban üzülüb.
-Qorxma yırtılmaz!
-Sən lap varlandın ki...
-Tök-tök bir qədər.
-Torban lap partlayır!
-Tök, davam edər,
Bir çimdik də tök.
Birdən bu zaman
Qızıllar töküldü, axdı torbadan.
Xəzinə külə döndü, bəxt də yox oldu.
Dilənçi yenə də dilənçi qaldı.