Xəbərlər

“Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı və Xaçmazda məktəblilərlə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Xaçmaz rayonundakı 7 nömrəli, Xudat şəhərindəki 2 nömrəli və paytaxtın Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbdə keçirilib. 


Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” mövzusunda videoçarxlar təqdim olunaraq bu sahədə vətəndaş məsuliyyətinin, ictimai nəzarətin əhəmiyyətindən danışılıb. 


Agentliyin mütəxəssisləri tərəfindən şagirdlərə “Sitrus meyvələri”, “Qida zəhərlənmələri”, “Süd və süd məhsulları”, “Quduzluq və ondan qorunma yolları”, “Meyvə və tərəvəzin dezinfeksiyası”, “Enerji içkilərinin zərərləri” mövzularında ətraflı məlumat verilib.


Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara “5 addımda qida təhlükəsizliyi”, “Ümumi gigiyena qaydaları” və “Qablaşdırma materiallarının qidaya təsiri” adlı maarifləndirici materiallar paylanılıb.


Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.