Xəbərlər

5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.

2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbəni xüsusilə qeyd etmək lazımdır. Bu yarışlarda Azərbaycan idmançıları 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal böyük tarixi nailiyyətdir.

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir və Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdır. “Sağlam bədəndə sağlam ruh olar” pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.