Görkəmli şəxsiyyətlər

Qlobusun ixtiraçısı Martin Behaym

Məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı Martin Behaym (1459-1507) Yer kürəsinin ən böyük və ilk qlobusunu hazırlayıb. Behaym tərəfindən hazırlanan qlobus günümüzə qədər gəlib çatıb. O, bu qlobusu "Yer alması" adlandırıb. Behaym Yer səthini təsvir edərkən Ptolemeyin xəritəsindən istifadə edib.


Qlobus, 1490-cı illərin əvvəllərində şəhər məclisinin əmri ilə Nürnberqdə hazırlanıb. Behaym, uzun müddət Portuqaliyada qaldığı və son Portuqaliya coğrafi kəşflərindən yaxşı məlumatı olduğu üçün bu əmri alıb. 


Xəritədə hələ Xristofor Kolumbun Böyük coğrafi kəşflərin nəticələri nəzərə alınmasa və orada Amerika göstərilməsə də, "Yer alması" (Alman dilində “Erdapfel”) dəqiqliyi və aydınlığı ilə son orta əsrlərin kartoqrafiya elminin unikal uğuru hesab olunur. Qlobusda o zamanlar Avropalılara yaxşı tanış olan Köhnə Dünyanı ətraflı şəkildə təsvir edilib, Atlantik Okeanı o dövrün elmi anlayışlarına görə Şərqi Asiya sahillərinə qədər uzanıb. Behaymın qlobusunda okeanların və qitələrin konturları gərçəkdən uzaqdır, çünki qlobusun yaranmasının əsası - qədim coğrafiyaçıların fikirlərinə əsaslanan məlumatlara və Şərq ölkələrini, Hindistanı və Çini ziyarət edən ərəblərin və digər səyahətçilərin məlumatlarına əsaslanırdı. 


"Globus" sözü latın mənşəlidir və “Top” deməkdir. Termin olaraq daha sonradan elm tarixinə daxil oldu. Yerin xəritələrdə və ya qlobuslarda təsvir edilməsi cəhdləri qədim zamanlardan bəri edilib. Bu coğrafi tədqiqatlar qədim elmi anlayışlara əsaslanır. Eramızdan əvvəl bəzi müdriklər Yerin düz olmadığını təxmin edirdilər. Məsələn, İskəndəriyyədə yaşayan qədim yunan alimi Erastofen Kirenskiy (e.ə. 276 - 194),  hesablamışdı ki, Yerin dairəsi 252 min mərhələdən ibarətdir, yəni 39 690 km-dir. Bəzi qədim yazıçıların əsərlərində, eramızdan 200 il əvvəl ilk qlobusu hazırlayan Pergamdan olan Kratesdən bəhs edilir, ancaq bu qədim qlobusların başqa heç bir dəlili və təsviri günümüzə gəlib çatmayıb.


Buna görə də, günümüzə gəlib çatan bütün qlobuslardan ən qədimi, 1492-ci ildə Martin Behaym tərəfindən yaradılıb. Diametri 54 sm olan, gipslə örtülmüş və perqamentlə yapışdırılmış bu qədim qlobus Yer kürəsinin sferik modeli hesab olunur. Qlobusun hazırlanmasında Behayma 111 miniatür, 48 bayraq və 15 gerb təsvir edilməsində rəssam Georg Glokendon kömək edib.


Hazırda, "Yer alması" qlobusu  Nürnberqdəki Alman Milli Muzeyində qorunub saxlanılır.


Martin Behaym Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olub. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçüblər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdi. Martin gənc yaşlarından atasının işlərində iştirak edib, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına gedib. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləyib və burada hesab elmini öyrənib. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışıb.


1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlib. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi. Bir il sonra o, Portuqaliya kralı II Juanın cəngavərləri sırasına daxil olub. 1484-cü ildə o, Portuqaliya donanmasında xidmət edən yaxın dostu, Azor arxipelaqına daxil olan Piku və Fayal adalarının qubernatoru Yoss van Xurterin qızı ilə evlənərək Azorda məskunlaşıb. Nigah Behayma kral sarayına yaxınlaşmaq və saray astronomu və kartoqrafı vəzifəsinə təyin olunmasına təsir göstərdi.


İspaniya salnaməçisi Antonio de Errera "Hindistanın ümumi tarixi" əsərində sübut etməyə çalışıb ki, Behaym Kolumbla görüşüb və qərb istiqamətində Hindistana səyahət etmək layihəsini onunla müzakirə edib. Mənbələrdə Behaymın 1484-cü ildə Dioqu Kanın Afrika sahillərinə ekspedisiyasında iştirak etməsi barədə də məlumatlar vardır. Ekspedisiya 19 ay davam edib, səyahət zamanı portuqaliyalılar Qambiyanın və Qvineyanın o vaxta qədər Avropalılara məlum olmayan əyalətlərini kəşf etmiş, Konqı çayının mənbəyinə qədər gedib çatmışlar.


1490-cı ildə Behaym ticarət işləri ilə, həmçinin anasından qalan mirası almaq üçün doğma şəhəri Nürnberqə qayıtdı. Şəhər şurasının üzvü, coğrafi kəşflərlə maraqlanan, Misirə və Müqəddəs torpaqlara səyahət edən Georq Xoltsşuer onu şəhərdə qalmağa və portuqaliyalıların sonuncu coğrafi kəşflərini də nəzərə almaqla qlobus yaratmağa inandıra bildi.


1935-ci ildə Beynəlxalq Astronomiya Birliyi Ayın görünən tərəfindəki bir krateri Martin Behaymın şərəfinə adlandırıb.