Xəbərlər

“Təhlükəsiz qida uşaqların gözü ilə” müsabiqəsinə indiyədək mindən çox rəsm işi göndərilib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi davam edir.

 

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsilə ifadə etmələrini təmin etməkdir.

 

Layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradır. Həm paytaxt məktəbliləri, həm də respublikanın digər regionlarından, eyni zamanda ən ucqar kənd məktəblərindən müsabiqəyə rəsm əsərləri təqdim olunub.

 

İndiyədək məktəblilər tərəfindən 1000-dən çox əl işi AQTA-ya təhvil verilib. Həmin əsərlərdə məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar.

 

Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən məktəblilər mayın 25-dək çəkdikləri rəsmləri agentliyə və onun regional bölmələrinə təqdim edə bilərlər. Rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatlar göstərilməklə qəbul edilir.

 

Müsabiqənin qalibləri "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan ediləcək, qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim olunacaq.