Təbiət

Biruanq və ya Malay ayısı

Biruanq, ayıkimilər fəsiləsinə daxil olan ayı növüdür. Şimal-şərqi Hindistan, Cənubi Çin, Myanma, Tayland, Hind-Çin və Malakka yarımadaları, İndoneziya (Sumatra və Kalimantan) kimi ərazilərdə yayılıb. Əsasən biruanqlara Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində rast gəlmək mümkündür.


Öz cinsinin yeganə nümayəndəsidir. Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Olduqca güclü heyvandır. 


Onun uzunluğu 1.5 m keçmir. Quyruğunun uzunluğu 3—7sm, hündürlüyü 50-70 sm, çəkisi isə 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna və uzun dilə sahibdirlər. Dırnaqları itidir. Yırtıcı dişlərı kiçikdir. 


Bu canlıların xəzi qısa tükə sahibdir. Üstəlik sərt və hamardır. Rəngi qaradır. Sinə nahiyəsində ağımtıl və ya sarımtıl rəngli ləkə olur. Öz elmi adını da bu ləkədən alıb.


Biruanq ən nadir ayı növlərindən biri hesab olunur. Bu növ ayılar xüsusi fermalarda saxlanılır. Onun piyi Asiya təbabətində istifadə edilir.


Bu ayılar ağaclara dırmanmağı xoşlayır. Əsasən gecə həyat tərzi keçirirlər. Gündüz ağacların üzərində günəş vannaları qəbul edirlər. Onlar ağaclarda özlərinə yuva kimi bir yataq yeri hazırlayır, elə ağacların üzərindəcə yarpaqlar və meyvələrlə qidalanırlar. Qış yuxusuna getmirlər.


Hər şey yeyəndir. Əsasən qarışqa, bal, termit, həşərat, bitkilər ilə qidalansalar da, kərtənkələ, kiçik məməliləri də yeyə bilirlər. Malay ayısı leşyeyəndir. Əsasən pələnglərdən sonra qalan leşləri yeyirlər. Ey heyvanlarını parçalaması belə məlumdur. Əsasən banan, kokos plantasiyalarına ziyan vururlar. İnsanla yaxın yaşayan bölgələrdə zibilliklərdə eşələnirlər.


Çəki baxımından kiçik olmasına baxmayaraq olduqca aqressiv canlıdır. Hətta özünü pələng hücumundan belə qoruya bilir. Onların düşmənləri siyahısına timsahlar, boz bəbir və olduqca iri olan Torlu piton daxildir.


Dişilər 95 gün boğazlıq dövrü keçirir. Adətən 1—2 bala verir. Balalar doğularkən cəmi 300 q olur. Balalar anaları ilə 3 il birgə yaşayırlar.


Orta ömür müddəti 25 ildir.


Biruanqlar ayıların ən nadir növləri hesab edilir. Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir. Sayları dəqiq məlum deyildir.