Təbiət

Şirin dağsiçanı və ya xomyak

Uşaqlar evdə dağsiçanı (xomyak) və dəniz donuzu saxlamağı çox sevirlər. Bu xoş və sevimli gəmiricilərə qulluq etmək elə də çətin deyil. Qızıl tüklü xomyakın uzunluğu 12 - 15 sm arasında, çəkisi 100-150 qram ağırlığındadır. Vətəni Avropa və Asiyadır.


Bu heyvanın ingilis dilindəki adı "hamster" Alman sözündən əmələ gəlib, mənası "yığan" deməkdir. Çünki bu balaca dağsiçanlarının işi daim yem yığıb saxlamaqdır. 
Onlar böyük yanaq torbalarını yeməklə doldurur, sonra onları torpaqda saxlayırlar.


Yanaq torbalarında bir xomyak öz ağırlığının yarısı qədər yemək saxlaya bilər. Onun kiçik bədəni və qısa ayaqları var. Belinin qalın və yumşaq kürkü - qırmızı-qızılı, qarın nahiyəsindəki kürkü isə boz-ağ rəngdədir.


Xomyak ən sürətlə artan heyvanlardan biridir. İl ərzində dünyaya dörd-beş dəfə bala gətirir. 


Əgər xomyak evdə saxlanılırsa aşağıdakı qaydaları yadda saxlamaq lazımdır: ən əsas - onların hərəkət edə bilmələrini təmin etmək lazımdır, əks təqdirdə onlar iflic keçirə bilərlər. Buna görə xomyakların qəfəsi məşq üçün fırlanan təkər ilə təchiz olunmalıdır. Əgər qəfəsdə belə bir təkər yoxdursa, xomyakın qəfəsdən tez-tez çıxmasına şərait yaratmaq lazımdır.