Məmməd Araz. "Azərbaycan-dünyam mənim"

Azərbaycan — qayalarda bitən bir çiçək, 
Azərbaycan — çiçəklərin içində qaya. 
Mənim könlüm bu torpağı vəsf eləyərək, 
Azərbaycan dünyasından baxar dünyaya. 
 
 
Azərbaycan — mayası nur, qayəsi nur ki, 
Hər daşından alov dilli ox ola bilər. 
AZƏRBAYCAN deyiləndə ayağa dur ki, 
Füzulinin ürəyinə toxuna bilər.
 
 
 
 
Oğulları Kür gəzdirər biləklərində, 
Oğulların göz atəşi gözəl əridir. 
Azərbaycan səhərinin bəbəklərində 
Qütb ulduzu, dan ulduzu gözəlləridir. 
 
 
İllər olub kürələrdə dəmir olmuşuq, 
Sərhədlərdə dayanmışıq küləkdən ayıq. 
Od gölündə, buz gölündə gəmi olmuşuq, 
Biz Bakının ilk səadət carçılarıyıq. 
 
 
Min illərlə zülmətlərə yollar açıqdı, 
Dalğalandı Sabirlərin ümman dünyası. 
Azərbaycan qatarı da yollara çıxdı, 
Dağılanda qoca Şərqin duman dünyası.
 
 
Azərbaycan — mayası nur, qayəsi nur ki, 
Hər daşından alov dilli ox ola bilər. 
AZƏRBAYCAN deyiləndə ayağa dur ki, 
Ana yurdun ürəyinə toxuna bilər!