Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də imzaladığı Sərəncamı sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib. Bu sahədə yeni istiqamət kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommmunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək, uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək.

 

İlk mərhələdə 10 rayon və şəhərdə həmin mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.