Nağıllar, hekayələr

Surtsey adası

İslandiyanın cənub sahilindən təxminən 30 kilometr məsafədə yerləşən Surtsey adası dünyanın ən gənc adalarından biridir. Yaşı 50 ildən çoxdur. Əksər adalar kimi, Surtsey də Norveç dənizində 130 metr dərinlikdə başlayan sualtı vulkan püskürməsi zamanı əmələ gəlib. 


1963-cü il noyabrın 14-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman görüb. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşünüb və gəmini ora sürüb. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşılıb. Ada vulkanın təsiri ilə okeanın 130 m dərinliyində üzə çıxmağa başlayıb. Yeni ada 500 metr genişlikdə, 45 m yüksəklikdə idi. 20 noyabrda adanın ölçüləri 900x655 m idi. Püskürmələr davam edirdi. 1967-ci ilin 5 iyununda püskürmələr dayananda adanın sahəsi 2,7 km2 , yüksəkliyi 174 m idi. Surtseyin şimalında isə "Nourtangi" adı verilən qum təpəciyi əmələ gəlib.


Adaya İslandiya miflərində vulkan divi olan Surturun şərəfinə "Surturun adası" mənasını verən "Surtsey" adı verilib. 


Ada geoloji quruluşuna görə gənc olmasına baxmayaraq, müxtəlif yırtıcıların, quşların və bitki örtüyünün evidir.


Adada ilk bitkilər 1965-ci ildə aşkarlanan adi su yosunları idi.1963-1983 illər arasında burada 20 bitki növü aşkarlanıb (6-sı qumluqda). 1998-ci ildə burada Çayyarpaqlı söyüd tapılıb. Hazırda adada 60 növ bitki növü bitməkdədir. 


Adada ilk quşlar 1966-cı ildə görülən fulmarlar və dalğıc qağayıları olub. Hazırda adada 13 quş növü yaşayır. Onlardan 8-i adanın daimi sakinləridir.


Surtsey adası dünyanın 25 populyar gizli görməli yerləri siyahısındadır. İnsanın təbiətin inkişafına müdaxiləsinin qarşısını almaq məqsədilə adanı tamamilə təcrid etmək qərarı verilib. Adaya çox az adamın gəlməsinə icazə verilir. Lakin qadağaya baxmayaraq, adaya gizli olaraq turist axını müşahidə olunur.


1965-ci ildən bu yana Surtsey adası YUNESKO-nun Dünya İrsi siyahısına salınaraq Dünya Qoruğu elan edilib.