Bu maraqlıdır!

İlk gəlinciklərin yaranma hekayəsi

Qədim dövrlərdə gəlincik ümumiyyətlə uşaq oyuncağı hesab edilmirdi, dini rituallar məqsədi üçün istifadə olunurdu. Taxtadan, samandan və ya gildən düzəldilmiş gəlinciklər qədim insanların həyatının mühüm bir hissəsi olmuşdur; ona ibadət edər və müxtəlif məsələlərdə qoruyucu kimi istifadə edilirdi. Fərqli millətlərin nümayəndələri, özlərini və ailələrini xəstəliklərdən və bədbəxtliklərdən, yaşayış yerlərini pis ruhlardan qorumaq məqsədilə yaşayış yerlərində “Qoruyucu” adlı oyuncaq saxlayırdılar. 


Gəlincik ilk olaraq qədim Misir, Yunanıstan, Roma, Mesopotamiyada, Çin və Qədim Rusiyada hazırlanmışdır.


İtaliyada gəlincik orta əsrlərdən bəri mövcud olmağa baladı, sonradan Fransa, İspaniya, İngiltərə, Almaniya, Hollandiya, Avstriya və Türkiyədə də inkişaf etdi.


İlk oyuncağın yaranması hekayəsi qədim zamanlara dayanır. Dörd min il bundan əvvəl, qədim Misirdə, misirlilər Osiris tanrısının heykəlini gəlincik şəklində ağacdan düzəltdilər. Arxeoloji qazıntılar sayəsində sarkofaqların içərisində tapılmış nümunələr tarixdəki ən qədim gəliciklərin necə göründüyünü öyrənmək imkanı verdi. Dini rituallarda istifadə edilən oyuncaqlar tərpəndiyində səs çıxarırdılar. Gəlinciklərin saçlarını əvəz edən kətan iplərinə bükülmüş gildən muncuqlar səs çıxararaq tanrıların sakitləşməsinə xidmət edirdi.


Misir kraliçası Kleopatra, bu gün dünyanın bir çox muzeyində saxlanılan böyük oyuncaq kolleksiyasının ilk sahibi olub.


Məşhur qədim Afrika kuklalarından biri olan “Akuaba” isə ideal gözəlliyin təcəssümü və sonsuzluğa qarşı qoruyucu kimi istifadə edilirdi. Bu sehrli, disk şəkilli başı olan taxtadan düzəldilmiş qadın heykəlciyi Afrika qəbilələrinin qızlarına evlənmə zamanı və dünyaya sağlam övlad gətirmək məqsədi ilə verilirdi. Bu ənənə bu günə qədər qorunub saxlanılıb: Aşanti qəbiləsinin sonsuz və hamilə qadınları sehrbazlardan Akuaba kuklalarını əldə edir və uşaqlarını sağlam dünyaya gətirmək üçün bellərinə bağlayırlar.