Bacarıqlı əllər

Balıqqulağından əl işləri

Dəniz və çay balıqqulaqları rənglərinə və formalarına görə çox gözəl və müxtəlif olurlar. Əl işlərinin hazırlanmasında daha çox uzunsov, oval, qara və rəngli balıqqulaqlarından istifadə edilir. Onlardan müxtəlif quşlar (hacıleylək, qutan, tovuzquşu, pinqvin), balıq, kəpənək və s. hazırlamaq olar. 
 
İri yelpiyəbənzər və dairəvi balıqqulaqlarından heyvan və quşların bədənlərinin, xırda balıqqulaqlarından isə pəncələrinin, başlarının və digər xırda detalların hazırlanmasında istifadə olunur. Miləbənzər balıqqulaqlarını ipə düzsək təmtəraqlı boyunbağı əldə edə bilərik. Xırda balıqqulaqlarınından isə mücrülərin, çərçivələrin və vazaların qeyri-adi şəkildə bəzədilməsində istifadə etmək olar. 
 
Balıqqulağı bərk olduğundan onu bıçaqla kəsərkən asanlıqla qırılır, lakin onu ehtiyatla burğu ilə deşmək və ya bizlə dəlmək mümkündür. 
 
Balıqqulağının səthi yapışqanla asanlıqla yapışır. İki balıqqulağını plastilinlə də birləşdirmək olar. Bundan əlavə, balıqqulağından hazırlanmış kirpi, tısbağa, kobra və s. kimi maraqlı əl işlərini hazırlamaq üçün səthə əvvəlcə plastilin , daha sonra isə dairəvi balıqqulaqları yapışdırılır. 
 
Balıqqulağından hazırlanmış əl işlərini quaşla rəngləmək həmçinin rəngsiz və ya rəngli boya ilə boyamaq olar.  Quru bitkilərdən bağlanmış dəstə balıqqulağından hazırlanmış iri çanaqda olduqca gözəl görünür.