Nağıllar, hekayələr

Məktub

Əziz qardaşım Yüz Manat! Çoxdandır, görüşmürük. Bu müddət ərzində başıma nələr gəldiyindən xəbərsizsən. İstərdim ki, yaşadıqlarımı səninlə bölüşüm.

 

Bir gün məktəbli bir oğlanın cibində oturmuşdum. Bu vaxt dostları ona yaxınlaşdılar. Danışıqlarından belə başa düşdüm ki, nəsə almaq istəyirlər. Oğlan əlini cibinə saldı və məni işıqlığa çıxartdı. O, pulu ortaya qoyanda dostları məni görüb dedilər:

 

– Bunu at. Kim cırılmış manat götürər?

 

Oğlan başqa pulları dostlarına verdi, bir qədər mənə baxdı və bir daşın üstünə qoydu.

 

– Bəlkə, kiməsə lazım olar, – deyib getdi.

 

Mən onu nə qədər çağırdımsa da, eşitmədi.


Külək daşın üstündə durmağa imkan vermədi. Məni havaya qaldırdı. Bir xeyli küçələrdə, parklarda uçdum. Heç kəsə lazım olmamağım məni kədərləndirirdi.

 

Birdən kimsə məni tutdu. Orta yaşlı bir kişi idi. Astadan: "Nə yaxşı oldu. Bu gün yol pulunu Allah yetirdi", – dedi.

 

İnana bilmirdim ki, nəhayət, kiminsə işinə yarayacağam. Kişi məni cibinə qoyub əli ilə möhkəm tutmuşdu. Avtobusa mindi. Bir müddət sonra özümü bir qutuda, bacı-qardaşlarımın arasında gördüm. Sonra kiminsə çirkli əlləri məni götürüb o tərəf-bu tərəfə çevirdi və hirslə avtobusdan bayıra atdı. Külək məni yolun qırağındakı otluğa saldı.

 

Yaxınlıqdan bir oğlan keçirdi. O məni görüb dedi:

 

– Allahın işinə bax. Təcili zəng etməli idim. Telefonumda da danışıq vaxtı qurtarıb.

 

Cavan oğlan qarşıdakı dükana girib satıcıya yaxınlaşdı:

 

– Dayı, bu pul bir az cırılıb. Amma sizdən xahiş edirəm, bu pulu götürüb mənə danışıq kartı verəsiniz. Uzağı yarım saata başqa manat gətirib dəyişdirəcəyəm.

 

Söz verirəm. Özüm də hər gün sizin dükanın qabağından keçirəm.

 

Oğlan satıcını birtəhər yola gətirib danışıq kartı aldı. Bir müddət sonra qayıdıb məni yaxşı pulla dəyişdirdi. Heç nə başa düşmədiyimi fikirləşsə də, mənimlə danışdı: “Allah səni mənim qabağıma çıxarmasaydı, işlərim çox pis olacaqdı. Səni özümdə saxlayardım, amma fikirləşirəm ki, bəlkə, Allah səni başqasının qabağına çıxaracaq və ona da kömək edəcək”. Oğlan bu sözləri deyib məni küləyin ixtiyarına verdi.


Hava yavaş-yavaş qaralırdı. Bu dəfə məni balaca bir oğlan götürdü. Dayanıb üzümə baxırdı. Qabaqda gedən kök bir kişi uşağı səslədi:

 

– O nədir, götürmüsən? Neyləyirsən cırıq manatı? Camaat atandan pul istəyir, sən də yerdən cırıq manat götürürsən. At onu.

 

– Ata, qoy bu gün məndə qalsın, sabah ataram.

 

Və mən bütün gecəni o uşağın cibində qaldım. Səhər uşaq həyətə düşdü. Məni balaca bir qıza uzatdı və dedi:

 

– Al bunu, get, özünə istədiyin şokoladı al. Bu pula şokolad verirlər, atam alanda görmüşəm.


Balaca qız pulu götürüb oğlana təşəkkür etdi. Məni ovcunda sıxaraq mağazaya doğru qaçdı. Mağazaya girən kimi şokoladlar olan tərəfə getdi. Qızın baxışlarını görən hər kəs başa düşərdi ki, o bu şokolada hər dəfə yalnız baxmaqla kifayətlənib, indi isə arzusuna çatacaqdı. Əlbəttə ki, satıcı pulu götürsə. Amma təəssüf... Kassadakı qadın məni götürmək istəmirdi. Bu zaman arxadan yaşlı bir kişi səsi eşidildi:

 

– Qızım, gəl manatlarımızı dəyişək. Al bunu, əlindəkini mənə ver.

 


Bəli, əziz qardaşım, bu bir neçə gündə mən çox adamın əlinə düşdüm. Gördüm ki, mənə ehtiyacı olanlar da var, mənə yuxarıdan aşağı baxanlar da. Adətən, insanlar sizi – mənim “böyük qardaşlarımı” itirməkdən qorxurlar, mənə isə o qədər də fikir vermirlər. Amma çoxu məni əhəmiyyətsiz saysa da, bu müddət ərzində mən darda qalanları xilas etdim: kiminsə qarnını doyurdum, kimi isə arzusuna çatdırdım...

 

Nə isə ... Bu qədər... Səninlə sağollaşıram.

 

Görüşmək ümidi ilə: kiçik qardaşın Bir Manat