Təbiət

Sığın

Sığın cütdırnaqlı məməli, marallar sinfinin ən iri nümayəndəsidir. Erkəklərin bədəninin uzunluğu 3 metrə çatır. Erkək sığının dişidən fərqli olaraq buynuzu var. Avrasiyanın meşə və meşə-çöl zonalarında geniş yayılıb. Sərt şaxtalı və qarlı qış şəraitinə uyğunlaşan sığının bədəni cod yun ilə örtülüdür. Boynunun yuxarı hissəsindəki uzun tüklər yal əmələ gətirir.
 
Vəhşi sığınlar meşədə tək və ya kiçik dəstələr halında yaşayır, ot, kol və ağac pöhrələri ilə, həmçinin şibyə və göbələklərlə qidalanır. Sığırlar üçün yayda su bitkiləri ilə qidalana bildiyi və istidən qorunduğu bataqlıqların, sakit çayıarın və nohurların olması böyük əhəmiyyət kəsb edir. Yetkin fərdlərin düşməni az olsa da gənc sığınlar üçün canavar, ayı, Sibir porsuğu böyük təhlükə yaradır. İri və güclü sığınlar özlərini yırtıcılardan güclü qabaq ayaqlarının zərbələri ilə qoruyurlar.
 
Sığın tələbkar heyvan deyil, bundan başqa o, bir çox qiymətli xüsusiyyətlərə də malikdir. Sürətlə boy atan sığın digər təsərrüfat heyvanlarının yemədikləri bitkilərlə qidalanır. Sığınlar üçün isti tövlələr tikməyə də ehtiyac yoxdur, onları öz yunları da pis isitmir.
 
Bu heyvanlar məharətlə qaça və üzə, bununla yanaşı bir dəqiqədən artıq suyun altında qala bilirlər. Həddən artıq gözəl eşidən sığınların görmə qabiliyyəti olduqca zəifdir. Sığınlar çox nadir hallarda insanlara hücum edir. Adətən belə hallar onun balalarına yaxınlaşan zaman baş verir. 
 
Qədim dövrlərdən insanlar bu gözəl və güclü heyvanıları əhilləşdirməyə çalışıblar. Belə ehtimal edilir ki, bu onlara hələ 4-5 min il bundan qabaq müyəssər olub. Bunu sığının başqa ev heyvanları ilə birlikdə təsvir olunduğu Sibirdə aşkarlanan qayaüstü rəsmlər sübut edir.
 
Bəs nə üçün əhilləşdirilmiş siğinlar bizim dövrümüzə qədər gəlib çatmayıb? Çox güman ki, o, inək, qoyun, keçi kimi ev heyvanları ilə rəqabətə tab gətirə bilməyib. Axı onlardan süd, ət, yun əldə etmək, atlardan isə nəqliyyat vasitəsi kimi istifadə etmək daha rahatdır. Bundan başqa sığın hər zaman ovlanıb. Lazım olan qədər ət əldə etmək üçün sığın ovlamaq elə də çətin deyil. Qış, əsasən də hərəkəti çətinləşdirəcək qədər qarın yağdığı aylar sığın üçün çətin keçir. Bu fəsildə çox vaxt sığınlar canavarlardan qaçmaq asan olsun deyə özlərinin açdığı cığırlarda qidalanırlar. Yayda isə onlar üçün əsl bolluq başlayır.