Şair ruhlu hökmdar – Şah İsmayıl Xətai
Bahar oldu ki, aləm gülşən oldu.
Gözün aç, gör cahan nə rövşən oldu.
Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gülpirahən oldu.
Açıldı yazılər, bitdi çiçəklər,
Gül ilə çöl bənövşə, süsən oldu.
Uşaqlar, sadə xalq dilində yazılmış bu misralar Xətainin “Bahar oldu ki, aləm gülsən oldu” qəzəlindən götürülüb. Bəs Xətai kimdir?
Şah İsmayıl Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyətdir. O, vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmış, lirik və epik növlərdə gözəl əsərlər yaratmış hökmdar-şair olub.
Şah İsmayıl Xətai 1487-ci ildə Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb. Ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən idi. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş başlayıb. Atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra Lahicanda görkəmli alim Şəmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.
Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi tayı-bərabəri yox imiş. O, hakimiyyət uğrunda mübarizəyə kiçik yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları qızılbaşlar adlandırırdılar) başçılıq edib. 1499-cü ilin avqustunda Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı varmış. Şərurda Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub.
Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası ilə münasibətləri kəskinləşib. İki türk dövləti arasında yaranmış gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib. Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.
Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, - deyir.
Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.
Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri - qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.
Şair ruhlu qüdrətli hökmdar 1524-cü ildə 37 yaşında vəfat edib.