Təbiət

Köstəbəklər: gecə yer qazanlar

Bir çox sevimli cizgi filmlərinin qəhrəmanı olan köstəbək yumşaq tüklü məzəli heyvandır. Onu zahiri əlamətlərinə - qara rəngli qısa tüklü xəzinə, deşikləri aşağıda yerləşən uzun burnuna, bir-birindən aralı yerləşən, iç hissəsi yuxarı yönəlmiş kürəkşəkilli böyük qabaq pəncələrinə, pis inkişaf etmiş arxa pəncələrinə, zəif xırda gözlərinə görə asanlıqla tanımaq olar.  
 
Köstəbəyin bədəninin uzunluğu təqribən 110-170 millimetr, çəkisi 60-150 qramdır. 
 
Köstəbək sürətlə yeraltı lağım qazmaq bacarığı ilə məşhurdur. Onun əsas aləti kürəkşəkilli pəncələridir. Köstəbək pəncələrini vint kimi torpağa batıraraq qazmağa başlayır.  
 
Bu məzəli heyvan yeraltı qazma həyat tərzinə uyğunlaşıb. Onun uzunsov girdə bədəni qalın və dik məxməri xəzlə örtülüb. Köstəbək xəzinin unikallığı bundadır ki, onun tükləri dik inkişaf edir və bu da ona yerin altında istənilən istiqamətdə asanlıqla hərəkət etməyə imkan verir. 
 
Bundan əlavə, köstəbək üzməyi bacarır. O,  üzərək kiçik çayın bir sahilindən o biri sahilinə keçə bilir. Amma səthdə yaşamağa uyğunlaşmayıb. Buna görə də köstəbəyə nadir hallarda təsadüf etmək olar. Köstəbək yerin altından çıxanda özünü yöndəmsiz aparır, çünki, demək olar, kordur və ətraf mühitə alışa bilmir. Buna görə də sürünərək hərəkət edir. 
 
Onun görmə qabiliyyəti yalnız işığı zülmətdən ayıra bilir, amma məhz ilk baxışda qüsur təsiri bağışlayan fiziki quruluşu sayəsində yer altında həyata uyğunlaşıb. Eşitmə və iybilmə qabiliyyətləri isə çox gözəl inkişaf edib. Köstəbək bir yerdən başqa yerə aparılsa, iybilmə qabiliyyəti sayəsində evinə yolu asanlıqla tapa bilir.
 
Köstəbək əsasən yumşaq torpaqlı ərazilərdə - meşələrdə və çəmənlərdə məskunlaşır. 
 
O, özünə yem axtarmaq üçün dərin olmayan yeraltı lağım şəbəkəsi yaradır. Lağıma yağış qurdları toplaşır. Köstəbək dərində qazanda torpaq qalaqlarını səthə tullayır. Onun qazdığı lağım ensiz və uzundur, yayda səthə yaxın – 2-5 santimetr dərinlikdə, qışda daha dərində yerləşir. 
 
Bəzən uzunluğu yüzlərlə metrə çata yeraltı lağım iki cür olur: köstəbək ya yemək axtaranda, ya da yuva quranda lağım qazır. Yuvası üçün lağımı dərində qazır. Köstəbək qış yuxusuna getmədiyi üçün dərində yerləşən yuvası onu soyuqdan müdafiə edir. 
 
Köstəbəyin qazdığı tunel şəbəkəsinin başlıca xüsusiyyəti budur ki, bu yerlərə müxtəlif həşərat və qurdlar toplaşır və qənimətə çevrilir. Köstəbək qənimətini başından dişləyərək onu uzun müddət bu vəziyyətdə saxlayır. Doyunca yeməyəndə,  yeraltı lağım şəbəkəsi genişlənməyə başlayır.
 
Köstəbək çox enerji sərf edən fəal  heyvan olduğu üçün yaman qarınquludur. Axı qazmaq üçün onun gücü olmalıdır O, gün ərzində, demək olar, öz çəkisi bərabərində yemək yeyir. Yeməksiz yalnız 14-15 saat yaşaya bilir. 
 
Köstəbək “qara gün” üçün də yem toplayır. Ovladığı yağış qurdlarını anbarında uzun müddət saxlayır. Qış aylarında yemək qıtlığı olanda isə yeraltı labirintində kef çəkir. Köstəbəyin labirintini qazıb çıxaranda dəfələrlə çəkisi 2 kiloqramdan çox olan yemək ehtiyatı aşkar edilib. 
 
Köstəbək torpağı yumşaldaraq və onun nəmlənməsinə şərait yaradaraq fayda verir. Kənd və meşə təsərrüfatı ziyanvericiləri olan onurğasızları külli miqdarda məhv edir.