Xəbərlər

Bərdədə şeir müsabiqəsinin qalibləri müəyyənləşib

Bərdə, 19 oktyabr, AZƏRTAC


Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin şagirdləri arasında 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən “Azərbaycan deyəndə” adlı şeir müsabiqəsinin qalibləri müəyyənləşib. 

AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi müsabiqədə 9 məktəbdən 27 şagird iştirak edib. 

Əvvəlcə Azərbaycanın Dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov və Təhsil Şöbəsinin metodisti Sədiqə Vəliyeva iştirakçıları Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, Azərbaycanın keçdiyi müstəqillik yolundan danışıblar.

Sonra müsabiqə iştirakçıları Vətənimiz Azərbaycana həsr olunan şeirlər səsləndiriblər. Qaliblərə müvafiq diplomlar təqdim edilib.  Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.