Xəbərlər

Xocalı məktəblisi: Bölgələrimizlə yaxından tanış olmaqla bərabər, həm də yeni dostlar qazanırıq

Ekskursiya zamanı Qəbələnin qədim mədəniyyət abidələri ilə yanaşı, müasir binaları, infrastrukturu, turizm obyektləri, mənzərəli məkanları ilə yaxından tanış olduq. Ümumiyyətlə, üç gün ərzində Qəbələ, Şəki və Zaqatalada gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nihad Abışov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açır: “Biz bu bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də yeni dostlar qazanırıq. Tarix və coğrafiya kitablarında oxuduqlarımızı Qəbələ, Şəki və Zaqatalaya səfərimiz zamanı əyani şəkildə gördük. Geri qayıdandan sonra səfər təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.