Xəbərlər

Zoologiya İnstitutunda uşaqlar üçün mikroskopla praktiki dərslərin keçirilməsinə başlanılıb

Bakı, 5 dekabr, AZƏRTAC

 


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun parazitologiya laboratoriyasında uşaqlar üçün mikroskopla praktik dərslərin keçirilməsinə başlanılıb.


Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, yaşlarından asılı olaraq uşaqlar üçün müxtəlif obyektlərdən preparatlar hazırlanıb. Dərslər zamanı əvvəlcə ətirşah və nəzərgülün yarpaqlarına, çiçəklərinə və gözlə görünməyən hissələrinə, kaktusun tikanlarına mikroskop altında baxılıb. 


Sonra gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər, un və s. məmulatlara mikroskop altında baxılıb, onların quruluşlarındakı fərqlər müəyyənləşdirilib. Uşaqlar tərəfindən maraqla qarşılanan dərslərdə müasir texnologiyalara uyğun olan “Nikon” işıq mikroskopundan və lupadan istifadə edilib.

 

Uşaqlara, həmçinin mikroskopdan istifadə qaydaları barədə məlumat verilib.