Xəbərlər

Əlil gənclərin əl işlərindən ibarət sərgi açılıb

Bakı, 5 dekabr, AZƏRTAC

 


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Sabunçu rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 3  dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş əlil gənclərin əl işlərindən ibarət sərgi açılıb.


AZƏRTAC xəbər verir ki, Baş İdarənin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək Azərbaycan dövlətinin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, əlil vətəndaşlara, xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.


Sərgiyə baxış keçirildikdən sonra 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin əlil gəncləri beş sənət növü – tikiş, rəssamlıq, toxuma, ağac üzərində oyma və xalçaçılıq üzrə nailiyyətlərinə görə diplom və mükafatlarla təltif olunublar.