Xəbərlər

Kukla Teatrında ”Qış nağılı”

Bakı, 13 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
 
 
 
Dekabrın 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işinin premyerasını keçirəcək.
 
Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək.
 
Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan  tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakatlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.
 
Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir.
 
Zəngin səhnə tərtibatlı tamaşaya səhnədə qurulan möhtəşəm şam ağacı maraqlı bir ovqat qatacaq. 
 
Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.
 
Tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12, 14, 16:00) Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək.