Gülzar İbrahimova. "Tapmaca məndən, açması səndən"
- Salam, İlqar!
- Salam, Nigar!
- Gəl, tapmacalar qoşaq,
Tapmacanın cavabını
Bir-birimizdən soruşaq!
- Nədən olsun tapmacamız?
- Həm meyvə, həm tərəvəzdən,
Həm də başqa bitkilərdən .
- Gəl başlayaq!
- Gəl başlayaq!
- Mənə deyərsənmi, Nigar,
Meyvələrdən hansıdır,
Hər fəsildə tapılar,
Qırmızıyanaq olar?
Yetişəndə saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır
Ağızların dadıdır…
- Deyən kimi mən bildim,
Almadır sən dediyin.
Hər fəsildə tapılar,
Qırmızıyanaq olar.
O bəzi vaxt saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır,
Ağızların dadıdır!
-Qulaq as mənə, İlqar
Tapmacamı kim tapar?
O nədir, tərsə bitir?
Meyvəsini xəlvətcə
Torpaq altında gizlədir.
Sirrini bizdən başqa
Bir də dovşanlar bilir.
16.12.2019