Xəbərlər

Daha 50 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

Bakı, 19 aprel, AZƏRTAC


2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 50 ümumtəhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Bununla da paytaxtda “Milli Qəhrəmanlar” guşəsi yaradılmış məktəblərin sayı 150-yə çatıb.


Layihə BŞTİ və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, guşənin yaradılmasının əsas məqsədi milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltməkdir. 


“Milli Qəhrəmanlar” guşəsinin yaradılması ilə bağlı keçirilən tədbirlərdə BŞTİ, paytaxtın rayon icra hakimiyyətləri, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri, şəhid ailələri, habelə məktəb rəhbərləri, şagird və müəllimlər iştirak ediblər.


Tədbirlərdə Vətənin ağır günlərində sinəsini düşmən gülləsinə sipər edən, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban vermiş oğul və qızlarımızın, o cümlədən Aprel şəhidlərinin ruhu birdəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlardan, milli ordumuzun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasından danışıb, gənclərə tövsiyələrini veriblər.


 Şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.


Qeyd edək ki, 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 100 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi yaradılıb. Digər paytaxt məktəblərində də “Milli Qəhrəmanlar” guşəsinin yaradılması nəzərdə tutulur.