Bayatılar

Nəsihətamiz bayatılar

Əziziyəm bu dağa,
Bu qayaya, bu dağa.
Məxmər çul nə yaraşır
Bir palanlı uşağa.
***
Bülbül dolubdur bağa,
Bir gün salıbdır dağa.
Sayanın qulu olsan,
Saymayana ol ağa.
***
Altı dərya, üst ada,
Sən bu dərdi üz ta da,
Hər şagird qabil olsa,
Ustad olar ustada.
***
Təzə buğda, tər buğda,
Xırman üstə sər buğda.
Ruzudur, bərəkətdir,
Çölə düşən hər buğda.
***
Şah oturar taxtında,
Gileylənər baxtından.
Xoruz kefinə banlar,
 Səhər açar vaxtında.
***
Xəbər yetsin o yada,
Yatmış könlüm oyada.
Bivəfaya sirr vermə,
Gedər açar o, yada.
***
Tut ağacın darama,
Əldən çıxar barama.
Halal, zəhmətlə gələr.
Haram gedər harama.
***
Günləri bir-bir sana,
Yar verdi bir sirr sana,
Bir elm, bir də sənət
Xəzinədir insana.
***
Gün qalxar öz vaxtına,
Gedər çıxar taxtına,
Niyyətin hər nə olsa,
Qismət olar baxtına.
 
***
Bu dağların başına,
Bülbül düşər qaşına.
Mahir ovçu düz vurar,
Güllə atmaz boşuna.
***
Əzizim çimən yerdə,
Durnalar çimən yerdə.
Su axdıqca bulanar
Durnalar çimən yerdə.
***
Gün keçir gedir belə,
Keçən gün gəlməz ələ.
Bu arxa su bir gəlib,
Ümid var bir də gələ.
***
 
Əzizim günü günə,
Gəl satma günü günə.
Keçən günə gün çatmaz
Calasan günü günə.
***
Zəhmətsiz bir iş olmaz,
Dumansız yağış olmaz.
Göydə bir bulud olsa,
Ondan qarlı qış olmaz.