Görkəmli şəxsiyyətlər

Memar Zivər bəy Əhmədbəyov

Memar Zivər bəy Əhmədbəyov dövrünün görkəmli ziyalılarından olub. O, 1918-1925-ci illərdə Bakı şəhərinin memarı olmuş ilk azərbaycanlıdır.


Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Bakıda gimnaziya təhsilindən əla qiymətlərlə başa vurduqdan sonra 1893-cü ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndərilib. Burada o, Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilib. Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlib və bir çox binaların memarı olub. 


Nabat Aşurbəyova Bakıda tikdirdiyi (1905-1914-cü illər) Təzə Pir məscidinin inşasında Z.Əhmədbəyovun xidmətlərindən istifadə edib. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdi. Səyahətdən sonra Zivər bəy bir sıra layihələrin: Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircan-da Murtuza Muxtarovun tikdirdiyi məscidin və Bakıda neçə-neçə yaşayış evinin memarı olur.


1908-22-ci illərdə Əmircanda tikdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına daxil edilib.


26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub.