Görkəmli şəxsiyyətlər

Aleksandr Nikolayeviç Radişşev

Görkəmli inqilabçı, filosof ve yazıçı Aleksandr Nikolayeviç Radişşev 1749-cu ildə avqustun 31-də Kuznetsk qəzasının (indiki Penza vilayətinin) Verxnyeye Ablyazovo kəndində varlı bir dvoryan ailəsində anadan olmuşdur.


Radişşev 14 yaşında ikən, Peterburqda imtiyazlı bir tədris müəssisəsi olan paj korpusuna qəbul olunur. Bu məktəbdə dvoryan uşaqları sarayda xidmət üçün hazırlanırdılar. Radişşev bu korpusda cəmi dörd il qaldı.Gənc dvoryanlar paj korpusunda “həqiqi xeyirxahlıq” və “pis əməllərə qarşı nifrət” ruhunda tərbiyə edilməli idilər. Göstəriş belə idi ki, pajlara “təvazökar və mülayim” rəftar olunsun. Aydın məsələdir ki, bu xoş tərbiyə ideyası da bütün saray həyatı kimi saxta və riyakar idi. Əslində korpusda kobud adət və qaydalar hökm sürməkdə idi. Buradakı tərbiyə üsulları ancaq dəyənək və şallaqla kötəkləmə üsulu idi.
Belə bir mühitdə tərbiyə almağa məruz qalan Radişşevin nə kimi həyəcanlar keçirmiş olduğunu anlamaq heç də çətin deyildir. Belə bir vəziyyət, söz yox ki, gənc Radişşevin mənəvi inkişafına yardım edə bilməzdi.


Pajlar korpusunda oxuyaraq sarayda xidmət etməyin gənc Radişşev üçün başqa bir faydası oldu. O burada, bu qaranlıq və kədərli həyat şəraitində Çelişşev, Rubanovski və xüsusilə, Aleksey Kutuzovla yaxınlaşıb, dostluq etməyə başladı, Radişşevle Kutuzov bir otaqda yaşayırdı; lakin onları bir-birinə yaxınlaşdırıb dostlaşdıran təkcə bu zahiri və təsadüfi şərait olmamışdır: onların ikisi də ədəbiyyatı sevirdi. 


1775—cı ildə 26 yaşlı Radişşev, öz universitet yoldaşının yaxın qohumu Anna Vasilyevna Rubanovskaya ile evləndi. İki il sonra xidmət etməyə başladı; ticarət və sənaye işlərinə baxan kommerts-kollegiyaya daxil oldu. Rusiyanın iqtisadiyyat məsələləri Radişşevi çox maraqlandırırdı. Kommerts-kollegiyanın prezidenti qraf A.R.Vorontsov idi. Vorontsov liberal aristokratlardan idi; Potyomkin hökumətindən razı deyildi. O da öz dövrünün çox mədəni, təhsilli nümayəndəsi, elm və ədəbiyyatla yaxından maraqlanan bir adam idi. O, Radişşevin namuslu, işgüzar, son dərəcə mədəni və çox istedadlı bir adam olduğunu görüb onunla həmişəlik dost oldu.


Radişşev 1780-cı ildən Peterburq gömrükxanası müdirinin müavini təyin edilir, gömrükxananın müdiri isə işə gücü çatmayan qoca bir adam idi; çox keçmədən, Radişşev müdiriyyətin bütün işlərini idarə etməyə başlayır, nəhayət, 1790-cı ildə o, gömrükxana müdiri vəzifəsinə rəsmi surətdə təyin edilir. Dövlət idarələrindəki qulluq işləri Radişşevi bir o qədər də maraqlandırmırdı. O öz vətəninə başqa bir yolla, daha çətin və daha təhlükəli, lakin daha şərəfli bir yolla xidmət etmək istəyirdi. O, azadlıq müğənnisi olmaq istəyirdi.


Həmin illər Radişşevdə nəinki təkcə yazıçılıq marağı artır, o, eyni zamanda bir mütəfəkkir və inqilabçı kimi da İnkişaf edirdi. O, şüurlu olaraq əməli ictimai fəaliyyətə can atır və görürdü ki, bunsuz onun başqa sahələrdəki fəaliyyəti istədiyi nəticəni verməyəcəkdir. O, ədəbiyyat nümayəndələri ilə tanış olur, qabaqcıl satirik jurnallar olan “Truten” və “Jivopisets” jurnallarının naşiri N.İ.Novikov ile yaxın əlaqəyə girir. O, Novikovun təşkil etdiyi “Kitabların çapına soy edən cəmiyyət”in işlərində tərcüməçi sifətilə fəal iştirak etməyə başlayır.
1773-cü ildə cəmiyyət Radişşevin tərcümə etdiyi ‘Yunan tarixi haqqında fikirlər” adlı əsəri çap edir; bu, tarixçi və publisist Mablinin əsəri idi; Mabli özünün bir sıra əsərlərində əmlak bərabərliyi fikrini təbliğ edirdi.


Radişşev öz tərcüməsinə bir neçə qeyd əlavə etmişdi; bu qeydlərdən birisi xüsusilə mənalı və cürətli bir qeyddir, Radişşev burada Mablinin “despotizm" istilahını “mütləqiyyətçilik” deyə tərcümə edərək belə yazır: “Mütləqiyyətçilik insanın varlığı üçün en mənfur bir şeydir. Biz öz üzərimizdə bir adama nəinki hədsiz hakimiyyət ixtiyarı verə bilmərik, hətta ümumun iradəsini ifadə edən qanun da özünün təhlükəsizliyini müdafiə etməkdən ötrü cinayətkarları cəzalandırmaqdan başqa heç bir hüquqa malik deyil. Əgər biz qanunların haki¬miyyəti altında yaşayırıqsa, bu onun üçün deyil ki, biz onlara kor-koranə əməl etməliyik, onun üçündür ki, biz ondan xeyir görürük. Əgər biz öz hüquqlarımızın və təbii ixtiyarlarımızın bir hissəsini qanuna həsr ediriksə, bu onun üçündür ki, hakimiyyət bizim mənafeyimizi müdafiə etsin. Biz bu xüsusda cəmiyyətlə qeyri-rəsmi bir müqavilə bağlayırıq. Bu müqavilə pozularsa bizdə öz boynumuza düşən vəzifədən azad oluruq. Qanun hökmdara cinayətkarları cəzalandırmaq ixtiyarı verdiyi kimi, hökmdarın ədalətsizliyi də onun hakimi olan xalqa hökmdarı cəzalandırmaq üçün bir o qədər, hətta daha artıq ixtiyar verir”.

Bu qeydin əhəmiyyəti çox böyükdür. Radişşev sonralar yazmış olduğu məşhur "Azadlıq” odasında həmin fikri daha da inkişaf etdirmişdir.


Sonralar Radişşev özünün “Peterburqdan Moskvaya səyahət” adlı əsərində II Yekaterinanın bütün riyakar, mənhus və zahiri görünüşü dəbdəbəli siyasətinin iç üzünü açıb göstərdi, məmləkət daxilində əhalinin nələr çəkdiyini, çar məmurlarının azğınlığını, xalqın hüquqsuzluğunu, əhali arasındakı miskinlik və səfilliyi tamamilə açıb ifşa etdi.
Radişşev “Peterburqdan Moskvaya səyahət” əsərini oçerklər şəklində yazmışdır. Əsər iyirmi beş fəsildən ibarətdir, Müəllif bu fəsillərin hər birinə müəyyən bir poçt stansiyasının adını vermişdir.
O, öz əsərini elə yazmağa çalışmışdır ki, onu hamı oxuyub başa düşsün, əsər hamı üçün aydın olsun. Müəllifin təəssüratı, onun düşüncə və fikirləri, həyat üzərindəki müşahidələri, insanları təsvir üsulu, bir sıra ciddi siyasi məsələlərin ümumiləşdirilməsi bütün bunlar əsəri canlandırır, ondakı həyati həqiqətləri oxucuya qabarıq bir şəkildə təqdim edir.


Yekaterina bu üsyankar kitabın müəllifi haqqında öz katibinə demişdi: “O, Puqaçovdan da pis üsyançıdır”.
Dərhal axtarış başlanır. Çox keçmədən müəllif tapılır. Yekaterina bu işin yoxlanmasını Stepan Şeşkovskiyə tapşırmışdı; o, gizli cəllad və casus idi; bilavasitə Yekaterinanın sərəncamında olan bu adamın adı hamını dəhşətə gətirildi. Radişşev başının üstünü alan təhlükədən xəbər tutar-tutmaz özündə saxladığı nüsxələrin hamısını yandıra bilmişdi. İyunun 30-da Radişşevi həbs etdilər.
1790-cı il iyulun 24-də məhkəmə Radişşevə edam cəzası hökmünü çıxardı. Radişşev bir ay 11 gün edam cəzasını gözləməli oldu. Sentyabrın 4-də edamı Sibirə sürgünlə əvəz etmək haqqında Yekaterinanın fərmanı imzalandı. Radişşevə bu "mərhəmət” guya İsveç ilə əlverişli müqavilə bağlanması münasibətilə göstərilmişdi.


Radişşevin ayaqlarına qandal vurub yeddi min kilometr uzaqlıqda olan İlimskə apardılar. Onu sürgün edənlərin ümidi bu idi ki, Radişşev bu uzaq yolun əzablarına davam gətirə bilməyib öləcəkdir. A.R.Vorontsov özünün nüfuz ve dövlət idarələrindəki geniş əlaqəsindən istifadə edərək Radişşevin vəziyyətini yüngülləşdirə bildi. Qraf Vorontsovun vəsaiti üzrə Novqorodda Radişşevin qandalları çıxarıldı. 
Radişşev on beş aydan artıq yol gedəndən sonra 1792-ci il yanvarın 3-də İlimskə gəlib çatdı. İlimskdə cəmi beş yüz nəfər əhali yaşayırdı, Radişşevin dediyinə görə orada heç bir iş aparılmırdı. İlimskdə nə bir başmaqçı, nə dərzi, nə də dülgər vardı.


Radişşev burada bir sıra başqa işlərlə məşğul olmasına baxmayaraq, yenə də öz ədəbi fəaliyyətini davam etdirirdi.
1796-cı ildə Yekaterinanın ölüm xəbəri İlimskə də gəlib çatdı.
Anasından sonra taxta çıxan I Pavel, Yekaterina dövründə edilən hər bir şeyin əksinə çıxır və anasının işlərini tərsinə çevirməkdən xoşlanırdı. Belə¬liklə, Radişşevin İlimskdən buraxılıb Rusiyanın Avropa hissəsinə köçməsinə icazə verildi. Lakin I Pavelin icazəsilə Radişşev heç bir tərəfə getmədən kənddə, polis nəzarəti altında yaşaya bilərdi.
Radişşev İlimskden öz doğma kəndinə köçdü. O, burada da çalışır, düşünür və mütaliə edirdi.
1801-ci ildə yeni padşah I Aleksandr Radişşevi (yenə də Vorontsovun köməyi ilə) tamamilə azad etdi. 1 Aleksandr boş vədlər verərək xalqı aldatmışdı ki, dövlət işlərində bir sıra islahat aparacaqdır, Vorontsov Qanunlar tərtibi komisyonuna Radişşevi də cəlb etmişdi.


Radişşev bu komisyonda da işə böyük ehtirasla girişir. O təkcə bir sıra "rəylər” yazmaqla kifayətlənməyib, qanunlar haqqında bir çox qeydlər yazmış ve layihə tərtib etmişdi, Radişşev öz layihələrində Rusiyada islahat işləri aparmaq məsələsini əlbəttə "Peterburqdan Moskvaya səyahət” əsərində olduğu kimi geniş miqyasda qoya bilməzdi. O, kəndlilərin azad edilməsi məsələsini de cürətlə irəli sürə bilmirdi. O ancaq Aleksandrın vəd etdiyi konstitusiya islahatını nəzərdə tuturdu. Radişşevin bu cüzi və mülayim layihələrini də dözülməz hesab edərək, bunların heç birini qəbul etmədilər. Radişşevə qarşı yenə de şübhəli münasibət başlandı.


Bir rəvayətə görə, Radişşev komisyonda çalışır - kənd onun bu işdəki rəisi qraf Zavadovski Radişşevə müraciətlə demişdir:

"Eh, Aleksandr Nikolayeviç! Sən yenə də əvvəlki kimi boş danışıqlarla məşğulsan... Yoxsa Sibir sənə bir şey öyrətmədi?”
Qrafın sözlərində qorxunc işarə vardı.


Lakin Radişşevin üsyankar ruhu, azad qəlbi, sağlam düşüncəsi və yenilməz iradəsi buna dözə bilməzdi. Radişşev mübarizə üçün yaranmışdı. O, həyatın məziyyətini mübarizədə görürdü, bunun üçün də bütün varlığı ilə azad fikir, azad duyğu və azad həyat uğrunda mübarizəni davam etdirərək son nəfəsində belə yüksək bəşəri ideala sadiq qaldı. Radişşev çar üsul-idarəsinin törətdiyi vəziyyətə qarşı üsyan edərək, 1802-ci il sentyabrın 11-də  zəhər içərək özünü öldürür.