Görkəmli şəxsiyyətlər

Sultan Süleyman Qanuni

Osmanlı imperiyasının 10-cu sultanı olan Süleymana müsəlman dünyasında Süleyman Qanuni, Qərb dünyasında isə Möhtəşəm Süleyman deyirdilər. Osmanlı imperiyasının inkişafının ən əzəmətli dövründə hökmranlıq etmiş olan Süleyman Osmanlı sultanlarından ən böyüyü idi. 


Atası Osmanlı sultanı olan Yavuz Səlim, anası isə Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultan olan Süleyman 1494-cü ildə Trabzon şəhərində dünyaya göz açıb. Uşaqlıq illərində yaxşı təhsil görən Süleyman ərəb və fars dillərini çox yaxşı bilirdi. Muhibbi, Məftuni və Acizi ləqəbləri ilə qəzəllər yazan sultanın 2779 qəzəli mövcuddur. 

 

1520-ci ildə atasınını vəfatından sonra sentyabrın 30-da taxta çıxdı. 26 yaşında taxta çıxan Süleyman qısa müddət ərzində öz idarəçilik qabiliyyəti ilə hamının diqqətini cəlb etdi. 


Bir çox dövlətləri fəth edən Süleymanın vaxtında Osmanlı imperiyası öz qüdrətinin ən yüksək səviyyəsinə qalxdı. 46 illik səltənət dövrü ilə Sultan Süleyman ən uzun müddət ərzində taxtda olmuş Osmanlı sultanıdır. Səltənətinin 2745 gününü (7,5 il) at belində səfərlərdə keçirdi. 13 böyük səfərində at üstündə təxminən 43 000 kilometrə yaxın məsafə qət etdi.


Fatehlik yolu 1521-ci ildə Belqradın alınması ilə başlayıb Rodos, Mohaç, Bağdad və Təbriz, Boğdan və Preveze, Macarıstan, Esterqon, Trablusqarp, Səfəvi torpaqlarının bir qismi, və nəhayət Zigetvarın alınması ilə başa çatdı. Atası I Səlimin hakimiyyəti altında olan ərazini Avropa, Asiya və Afrikada fəth etdiyi ölkələrin hesabına 2,5 dəfə artırıb. 


Sultan şair, rəssam və memarlara himayədarlıq edirdi. Onun zamanında İstanbulun tarixi-mədəniyyət abidələrinin sayı durmadan artırdı. Özü də yaxşı zərgər idi. Onun zamanın hazırda böyüklüyünə görə İstanbulun ikinci məscidi sayılan Süleymaniyyə məscidi tikilmişdir. Atasının şərəfinə Sultan Səlim Məscidini tikdirib. Qanuni dövrünün ən böyük memarı Memar Sinan qəbul edilir. Süleyman su kanallarına əhəmiyyət vermiş və bir çox köhnə anbardan İstanbula su gətirtmişdir.


Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verdi. Süleyman əliaçıq olduğu qədər cəza verməkdən də geri qalmırdı. Lakin bu cəzalar ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdara xalqa zülmününə görə edam hökmü verməsi "Qanuni" adlandırmasında əhəmiyyətli rol oynadı.


Süleyman qanulara riayət olunması, xüsusilə də rüşvətxorluğa qarşı mübarizədə amansız idi. Mənbələr qeyd edir ki, heç bir keçmiş xidmətlər və ya qohumluq, dostluq əlaqələri qanunu pozmuş şəxsi cəzadan xilas edə bilməzdi. 


Həyat yoldaşı Hürrəm Sultana olan məhəbbəti bir çox film, serial və romanların ilham ocağı olmuşdur. Hürrəm Qanuni Sultan Süleymanın ən sevimli qadını, nikahlı arvadı və Osmanlı tarixində əhəmiyyətli rol oynamış sultandır. Polyak əsilli yəhudi ailəsində doğulan Hürrəm Sultanın əsl adı Rokselanna idi (Anastasiya Lisowska). Gözəl olduğu üçün kiçik yaşda, 1520-ci ildə indiki Ukrayna sərhədinin daxilində yerləşən Rohatin şəhərindən qaçırılmışdı. Sonra Krım Xanı tərəfindən Osmanlı sarayına hədiyyə edilən Hürrəm zəkası və bacarığı ilə padşahın diqqətini cəlb etdi, hərəm qadınları və saraydakılar arasında özünə yer əldə etdi.