Bu maraqlıdır!

Dünyanın ən uzun yala və quyruğa sahib olan atı: Linus

“Linus” adlı bu möhtəşəm at haqqında əfsanələr artıq ikinci əsrdir ki, ağızdan ağıza dolaşır. Dünyanın ən uzun yala və quyruğa sahib olan atı “Linus” 1884-cü ildə anadan olub. Oreqon dağlarında sərbəst yayılmış “Oreqon” uzun yallı atların cinsindən idi. Bu cins atların xarakterik xüsusiyyəti qəhvə rəngdə olması, inanılmaz uzun yala və quyruğa sahib olmalarıdır. Bu atlar əhilləşdirildikdən sonra yal və quyruğun uzunluğu hər bir nəsil ilə artmağa başladı. Onların arasında rekord uzunluq isə “Linus” a aiddir.


Linusun həyatının ilk illəri, Oreqon ştatında Ruzerford qardaşlarının təsərrüfatında keçdi. Onun qalın, inanılmaz gözəl, uzun yalı və möhtəşəm quyruğu hər kəsi heyran qoyurdu. Bir dəfə də olsun Linusu görmək üçün insanlar fermaya axın edirdi. O, çox məşhur idi və onun hekayəsi Amerika Birləşmiş Ştatlarının ən qədim jurnalından biri olan “Elmi Amerikada” dərc olunmuşdu.


Daha sonra Ruzerford qardaşları Linusu səyahət sirkinə satdı. Linus sirkin məşhurlarından birinə çevrildi. Linus sirk plakatlarında bu cür təsvir edilirdi: "Onun ipək, kətan kimi yumşaq yalının uzunluğu-427 sm, telinin uzunluğu-274 sm, quyruğu isə -366 sm-dir. Yola çıxmazdan əvvəl onları iki hissəyə ayırırıq və hər birini ayrı paketə yığırıq. Atın yalnız yalı və teli beş çantanı doldurur".


Əlbəttə, yala və quyruğa xüsusi qulluq olunmalı idi. Hər gün onlar diqqətlə daranıb yuyulurdu. Yal dolaşmasın deyə ilk öncə 4 hissəyə bölünürdü və səliqə ilə daranırdı.


Linus 1894-cü ildə 10 yaşında öldü.Özündən sonra, atası kimi gözəl olduğu deyilən Linus II adlı bir oğlu qaldı. 


Oreqon cinsi uzun yallı atlara gəldikdə isə,  təəssüf ki, bu cins atlar artıq yox olmuşdur.