Görkəmli şəxsiyyətlər

Canni Rodari

Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. 


Canni 10 yaşı tamam olmamış atasız qalıb. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayıb. Bu sahədə böyük uğur qazanıb.


Adı və əsərləri qısa müddətdə dünya ədəbiyyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvari əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir.


Canni Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 


1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır. 
“Celsomino Yalançılar Ölkəsində” Canni Rodarinin ikinci uşaq romanıdır.