Bu maraqlıdır!

Afrikada heyvanların “Böyük köçü”

Heyvanların köçü - onların bir yerdən başqa yerə hərəkət etməsidir. Dünyada ən böyük miqrasiya, Tanzaniyanın (Afrika) Serenqeti Milli Parkında çöl heyvanlarının böyük miqrasiyasıdır. Böyük Miqrasiyanın məkanı Serenqeti və Nqoronqoronun sonsuz cənub çölləridir.


Böyük miqrasiyanı təxminən 2 milyon heyvan: 1.5 milyon qnu antilopu, 300 min zebra və 200 min Tompson ceyranı təşkil edir. Heyvanlar yeni otlaqlar tapmaq üçün uzun yol qət edirlər. 


Dekabr ayından may ayına qədər (6 ay) heyvanlar Tanzaniyanın zəngin, münbit otlaqlarla zəngin olan torpağında yaşayırlar. Burada heyvanlar doğulur, yaşayır və ölürlər. Lakin ilin ikinci yarısı (İyun-noyabr) böyük miqrasiya dövrü başlayır. Böyük miqrasiya şimala yaşıl çəmənlərə doğru uzanır, daha sonra isə geri cənuba saat  əqrəbi istiqamətində bir dairədə hərəkət edir. 


Şimala çatmaq üçün heyvanlar 2,5 ay yol gedirlər. Bu uzun və yorucu yolu qət edərkən heyvanların bəziləri təhlükə ilə qarşı-qarşıya gəlir. Heyvanların köçü əsl ovsunlayıcı mənzərə yaradır. Yolun yarısında, antilop və zebraların böyük sürüsü Qrumeti çayından keçməli olurlar. Çayı keçmək isə bəzilərinin, əsasən də körpə  və gücsüz heyvanların həyatına son qoyur, çünki çay həm dərin, həmdə yırtıcı timsahlarla dolu olur. 


Avqustun sonunda, Mara çayını keçərək, böyük miqrasiya bir ay ərzində Keniyanın Masai Mara parkında məskunlaşır. Mara çayını keçmək də Qrumeti çayı kimi təhlükəli olur. Burada da bəzən çox təsirli bir mənzərə yaranır. Heyvanlar timsahların qurbanı olurlar. Dünyanın ən məşhur “Böyük Miqrasiya” sı deyiləndə heyvanların məhz Mara çayını keçməsi sayılır. Bir çox turist və fotoqraf avqustun sonlarında - sentyabrın əvvəllərində bu nadir mənzərəni görmək üçün bura üz tuturlar.


Sentyabrın ikinci yarısında isə Böyük Miqrasiya cənub istiqamətində irəliləyərək geri Serenqetinin şərq hissəsinə geri dönürlər.