Nağıllar, hekayələr

Səbrin olmasa, heç nə öyrənə bilməzsən!

Qədim zamanlarda aqilbir qoca yaşayırmış. O, quşların dilini bilirmiş. Quşlara nəğmə oxumağı, uçmağı, üzməyi, qaçmağı öyrətmək istəyirmiş. Quşlar bu xəbəri eşidib aqilqocanın yanına gəlir. Durna, qartal, şahin və başqa quşlar aqil qocadan xahiş edirlər ki, onlara uçmağı öyrətsin.


Ördəklər, qazlar isə üzməyi, bülbüllər, turaclarvə başqaları şirin nəğmələr oxumaq istədiklərini bildirirlər. Dəvəquşular aqil qocadan xahiş edirlər ki, onlara lap bərk qaçmağı öyrətsin ...
Toyuq da bu xəbəri eşidib sevinir. O da aqil qocanın yanına gəlib deyir:
- Mən uçmağı öyrənmək istəyirəm.
Aqil qoca toyuğa deyir:
- Yaxşı, sənə uçmağı öyrədərəm. Ancaq gərək bir az səbirli olasan ha! Səbrin olmasa, heç nəyi öyrənə bilməyəcəksən!
Toyuq bir-iki günə qocadan uçmağı öyrənir. Sonra aqil qocaya deyir:
- Eh! Mən elə bilirdim ki, uçmağı öyrənmək çətindir. Burda çətin nə var ki?! Qanadlarını aç və uç! Mən daha uçmağı öyrənmişəm! İndi isə nəğmə oxumağı öyrənmək istəyirəm!
Toyuq lovğalanır, elə bilir ki, heç bir quş onun kimi uça bilməz! O, bir-iki gündə nəğmə oxumağı qocadan öyrənir. Lovğalanıb aqil qocaya deyir:


- Mən oxumağı da öyrəndim! Eh, burada çətin nə var ki? Bax mən necə gözəl oxuyuram: - qaqq - qaqq - qaqqq...
Hə, lovğa toyuq bu dəfə də üzməyi öyrənmək istəyir. Bir-iki gündə üzməyi öyrənib aqil qocaya deyir:
- Üzməyi də bacarıram! Heç bir quş mənim kimi üzə bilməz! İndi mənə qaçmağı öyrət!
Hə, lovğa toyuq qaçmağı da qocadan öyrənir. Amma heç birini əməlli- başlı bacarmırdı. Bir sənəti axıracan öyrənməyə səbri çatmırdı. O, qaçmağı da yaxşı öyrənməyib qocaya dedi:
- Mən qoçağam! Mən uçmağı, nəğmələr oxumağı, üzməyi, həm də qaçmağı öyrənmişəm. Mən qoçağam!
Bir gün lovğa toyuq uçmaq istədi, lakin yaxşı uça bilmədi. Qanadları yoruldu. Baxıb gördü ki, durnalar, qartallar, şahinlər elə gözəl uçurlar ki! Özünü danladı:
- Onda nəğmələr oxuyacağam, - dedi.
Lakin bülbülün, turacın xoş səsini eşidib öz səsindən utandı. heç oxuya bilmirdi!


- Yəqin heç üzə də bilmirəm! - deyə toyuq özünü danladı. Balaca bir gölə girdi. Üzə bilməyib güclə sahilə çıxdı. Qazlar, ördəklər isə çayda üzürdü. Onlar yorulmurdular ha!
Toyuq peşman oldu. Qaçmaq istədi, gördü ki, dəvəquşunun adi yerişinə çata bilməz! O, kor-peşman aqil qocanın yanına gedib dedi:
- Mən heç nə öyrənməmişəm. Mən nə uçmağı bilirəm, nə üzməyi, nə də nəğmə oxumağı, qaçmağı. O, ağlamağa başladı. Aqil qoca ona dedi:
- Ağlama, bütün bunlara özün bais oldun. Səbrin çatmadı ki, bir sənəti axıracan yaxşı-yaxşı öyrənəsən. Yadında saxla: bir iş tutmaq istəsən, səbirli ol, onu bütün incəliklərinə qədər öyrən. Səbrin olmasa, heç nə öyrənə bilməzsən! Tələsmə, bir də heç zaman özünü öymə!