Bu maraqlıdır!

Öz arşınınla ölçmə

Siz artıq uzunluq ölçü vahidlərini tanıyırsınız: millimetr, santimetr, desimetr, metr, kilometr…

 

Göründüyü kimi, onların hər birinin adında “metr” sözü işlənir. Metr anlayışı təqribən 200 il əvvəl Fransada meydana gəlmişdir. Bundan yüz il sonra metr və onunla bağlı ölçü vahidləri digər xalqlar tərəfindən də qəbul olundu. O vaxta qədər isə xalqlar müxtəlif ölçü vahidlərindən istifadə edirdilər. Bu ölçü vahidlərindən biri də arşın idi. Arşından, əsasən, tacirlər parça və başqa materialları ölçərkən istifadə edirdilər. Lakin uzun müddət arşın dəqiq ölçü vahidi olmamışdır.

 

Belə ki, qədimdə insanın burnundan başlayaraq bir qolu boyu barmaqlarının ucuna qədər olan məsafəni bir arşın kimi qəbul edirdilər. Bu ölçü təxminən 70 santimetrə bərabərdir. Lakin insanın öz ölçülərindən və qolun necə açılmasından asılı olaraq arşın dəyişirdi. Bəzən tacirlər bundan istifadə edərək alıcıları aldadırdılar. Belə olduqda hökmdarlar ağac və ya metaldan arşın hazırlatdırıb hamının bir arşından istifadə etməsinə qərar verdilər. Lakin yenə də hər ölkədə bir arşından istifadə edirdilər.

 

Məsələn, Türkiyədə iki cür arşın var idi: memar arşını (75,7 sm) və çarşı arşını (68 sm). Memar arşınından tikintidə, çarşı arşınından isə ticarətdə istifadə olunurdu.

Rus çarı Aleksey Romanov da dəmirdən arşın düzəltdirib satışa buraxdırmışdı ki, hamı bir arşından istifadə etsin. Rus arşınının uzunluğu 71 sm idi.

Üzeyir bəy Hacıbəylinin məşhur “Arşın mal alan” filmində Əsgər bəy satdığı parçaları belə bir arşınla ölçür. Hər xalqın öz arşınının olması beynəlxalq ticarətdə çətinlik yaradırdı. Odur ki müəyyən dövrdən sonra xalqlar metrik ölçü vahidlərini qəbul etdilər.

İndi “öz arşını ilə ölçmək” ifadəsi məcazi mənada işlədilir. Biri özü bildiyi kimi, öz xasiyyətinə uyğun hərəkət edəndə, başqalarını da bu baxımdan qiymətləndirəndə tez-tez bu ifadəni eşidə bilərik. Məsələn, paxıl adam başqalarının da özü kimi paxıl, xəsis adam başqalarının da özü kimi simic olduğunu düşünəndə həmin adam haqqında “hamını öz arşını ilə ölçür” deyirlər.