Nağıllar, hekayələr

Lev Tolstoy. Köpəkbalığı

Gəmimiz Afrika sahillərində lövbər salmışdı. Gözəl bir gün idi, dənizdən təravətli külək əsirdi, amma axşama doğru hava dəyişdi; bürkü düşdü və Sahara səhrasının isti havası sanki qızmar sobadan üstümüzə doğru əsdi.

 

Gün batmazdan əvvəl kapitan göyərtəyə çıxdı və yüksək səslə dedi: "Hamı üzməyə!". Bir dəqiqə içində dənizçilər suya atıldılar, yelkənləri suya endirdirib bağladılar və üzərində üzməyə başladılar.

 

Bizimlə birlikdə gəmidə iki oğlan da vardı. Suya ilk atlayanlardan biri də məhz onlar idi, ancaq yelkən onlara dar gəldiyinə görə açıq dənizdə, bir-birinə qarşı yarış quraraq, üzmək qərarına gəldilər.

 

Hər ikisi də kərtənkələ kimi suda üzərək, bütün gücləri ilə lövbərin üstündə duran çəlləyə doğru üzdülər.

 

Oğlanlardan biri əvvəlcə dostunu qabaqladı, amma sonra geridə qalmağa başladı.

 

Uşağın atası, yaşlı topçu, göyərtədə dayanıb oğlunu heyranlıqla izləyirdi. Oğlan geridə qalmağa başlayanda atası ona qışqırdı:

 

- Buraxma! Dayanma! İrəli!

 

Birdən göyərtədən kimsə qışqırdı: "Köpəkbalığı!" - və hamımız suda köpək balığının bel üzgəcini gördük.

 

Köpəkbalığı düz oğlanlar olan tərəfə üzürdü.

 

- Geri qayıdın! Geri qayıdın! Köpək balığı! - topçu qışqırdı.

 

Ancaq uşaqlar onu eşitmədilər, gülərək və əvvəlkindən daha şən və daha yüksək səslə qışqıraraq üzməyə davam etdilər.

 

Çarşaf kimi ağaran yaşlı topçu yerindən tərpənmədən uşaqlara baxırdı.

 

Dənizçilər qayığı aşağı endirdilər, içinə girdilər və kürəkləri əyərək bacardıqları qədər oğlanlara tez çatmağa çalışdılar; lakin oğlanlar uzaqda idilər, köpək balığı isə oğlanlardan iyirmi addım məsafədə idi.

 

Oğlanlar əvvəlcə onlara nə qışqırdıqlarını eşitmədilər və köpək balığını görmədilər; amma sonra onlardan biri ətrafa baxdı. Hamımız cingiltili bir fit səsi eşitdik və oğlanlar müxtəlif istiqamətlərdə üzdülər. Bu səs sanki topçunu oyatdı. O, oturduğu yerdən sıçrayaraq toplara tərəf qaçdı. Topun ağzını çevirdi, nişan aldı və atəş açmağa hazırlaşdı.

 

Hamımız, qorxudan donub qalmış; nə olacağını gözləyirdik.

 

Atəş səsi eşidildi və gördük ki, topçu topun yanına uzanaraq əlləri ilə üzünü örtüb. Köpəkbalığına və oğlanlara nə olduğunu görmədik, çünki bir anlıq gözlərimizi tüstü bürümüşdü. Ancaq tüstü suyun üzərindən yayıldıqdan sonra, əvvəlcə hər tərəfdən sakit bir gurultu eşidildi, sonra bu səs daha da gücləndi və nəhayət hər tərəfdən yüksək, sevincli gülüş səsləri gəlməyə başladı.

 

Yaşlı topçu üzünü açdı, ayağa qalxdı və dənizə baxdı.

 

Ölü köpəkbalığının sarı qarnı dalğaların üzərində yellənirdi. Bir neçə dəqiqədən sonra qayıq oğlanların yanına üzdü və onları gəmiyə geri gətirdi.