Bu maraqlıdır!

Azərbaycanda yaşayış məskənləri və evlər

Bəşər tarixinin müxtəlif mərhələlərində yaşayış məskənləri fərqli formalarda mövcud olub.

 

Onların meydana gəlməsində təbii-coğrafi şəraitin, mövcud ictimai-iqtisadi quruluşun, məhsuldar qüvvələrin inkişafının, sosial-iqtisadi inkişafın xüsusiyyətlərinin, ailə həyatı normalarının və təsərrüfat fəaliyyəti istiqamətinin həlledici rolu olub. Bu amillərin fəal təsiri sayəsində xalq məişətində əmələ gələn yeni keyfiyyət dəyişikliyi yaşayış məskənlərinin müxtəlif tip və formalarının meydana gəlməsinə zəmin yaradıb.

 

Azərbaycan ərazisi özünün landşaft-relyef quruluşuna görə dağlıq, dağətəyi və düzənlik ərazilərdən ibarətdir. Dağlıq ərazi təbii-iqlim şəraitinə, hidroqrafiya, oroqrafiya və geomorfoloji xüsusiyyətlərinə, flora və faunasına görə zəngin olduğundan, ölkənin ən qədim sakinləri məhz burada - təbii mağaralarda məskunlaşıblar.


 
Azıx, Tağlar, Qobustan, Qazma, Aveydağ mağaraları əcdadlarımızın ilk sığınacaq yerləri kimi məlumdur.

 

Tarixi inkişaf prosesinin sonrakı mərhələlərındə insanlar təbii materiallardan (daş, ağac, sümük və s.) əmək alətləri hazırlamaq vərdişlərinə yiyələndikcə, mağaradaxili yerlərdə divar açırımları düzəltmək, mağarada yanan ocağın tüstüsünü bayıra çıxarmaq üçün tavanda bacalar açmaq kimi zəruri işləri yerinə yetirməyə başlayıblar.

 

Beləliklə, ibtidai insanların təbii mağaraları öz iradələrinə uyğun şəkildə yenidən qurmaq və təkmilləşdirmək vərdişləri nəticəsində yaşayış məskənlərinin yeni bir tipi süni mağara məskənləri yaranıb.

 

İstər təbii, istərsə də süni mağara məskənləri əcdadlarımızın ilk yaşayış evi kimi də əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq və şimal-şərq ətəklərində, həmçinin Kiçik Qafqaz və Talış dağları bölgəsində (Quba, Şamaxı, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Lerik), eləcə də Cənubi Azərbaycanda təsadüf olunur. 

 

20-ci əsrin 30-cu illərində etnoqratlar Ə.K.Əkbərov və Q.T.Qaraqaşlı Kəlbəcər, Gədəbəy, Xanlar və Laçın rayonlarında yaşayış əhəmiyyətini hələ də itirməmiş süni mağara məskənləri qeydə alıblar.

 

İctimai inkişafın sonrakı mərhələlərində Azərbaycanın dağətəyi və düzənlik ərazilərində də məskunlaşma prosesi gedirdi. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar əkinçi və maldar qəbilələrin formalaşması nəticəsində Azərbaycanın düzən və dağətəyi ərazilərində yeni-yeni qəbilə məskənləri yaranır və inkişaf edirdi.

 

Əkinçiliklə məşğul olan tayfalar süni suvarma qaydalarına yiyələndiyindən çay, arx və ya kanalların ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin ərazilərdə məskən salmağa üstünlük veriblər. Azərbaycanın dağətəyi və düzən bölgələrində aşkar olunmuş Eneolit və Dəmir dövrünə aid olan çoxsaylı yaşayış məskənlərinin izləri bunu bir daha təstiq edir.

 

Azərbaycanda geniş yayılmış yaşayış məskənlərinin səciyyəvi tarixi tiplərindən başlıcası kənd olmuşdur.

 

Kənd-oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati, sosial-mədəni və dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli suları, ayrıca qəbiristanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Kənd, bir qayda olaraq poligen (bir-birinə qohum olmayan bir neçə nəsildən ibarət əhalinin yaşayış məskəni) xarakter daşıyır və əhalisinin sayı, şəhər istisna olmaqla digər məskən tiplərindən daha çoxdur. Poligen xarakterli kəndlər hərəsi bir məhəllə təşkil edən qohum patronimik qruplardan (tayfa, basalaq, tiro, nəsil, əqrəba, ocaq, övladı, uşağı və s.) ibarət idi və hər birinin əkin sahəsi, örüşü, biçənəyi, meşəliyi, axmaz və cələsi ilə hüdudlanan həndi olurdu.

 

19 əsrdə Azorbaycanda monogen xarakterli (bir kökdən törəmə) kəndlərə az da olsa təsadüf edilirdi. Şəki Zaqatala bölgəsinin Başdaşağıl, Sanbaş, Muğanlı, Qıpçaq kəndləri bir mənşəli idi. Şirvanın Bığır kəndinin əhalisi Cəlil övladının törəməsidir. Naxçıvanda Kəngərli soylarının yaşadıqları kəndlər (Yurdçu, Qabıllı, Qarabağlar, Qaraxanbəyli, Keçili və s.) də bu qəbildəndir.

 

Müxtəlif obyektiv tarixi səbəblər üzündən ölkə daxilində əhalinin köçməklə yerdəyişməsi də qarışıq tərkibli kəndlərin meydana gəlməsində əsas rol oynamışdır.

 

Məhz bunların nəticəsi olaraq qohumluq prinsipi əsasında məskunlaşma prosesi getdikcə zəifləmiş, yaşayış məskənlərinin salınmasında qonşuluq prinsipləri üstünlük təşkil edib.


Azərbaycanlıların yaşayış məskənlərinin tarixən yaranmış digər sosial-iqtisadi tipləri oba, şenlik, binə, yurd, düşərgə, qışlaq, yaylaq, döngə, sığırxana, yataq və s. müvəqqəti elat yaşayış məskənlərindən ibarət olub.