Şeirlər

Hüseyn Arif. “Yaşıl işıq”

Təbiət vurğunu, torpaq oğluyam, 
İlk dəfə əlimi ağaclar sıxıb. 
Dağlarda meşəyə düşən yanğının 
Tüstüsü evimdə başımdan çıxıb.

 


Düzdə seyr etdikcə məğrur çinarı 
Qartal balası tək qanadlanmışam. 
Yaşını kimsədən öyrənməsəm də, 
Babam Koroğluya yaşıd sanmışam.

 


Hər dən bir sünbüldür, hər toxum bir tağ, 
Hər şitil bir nemət, bir yaraşıqdır. 
Baharda açılan hər yaşıl düymə 
Bir yaşıl şölədir, yaşıl işıqdır.

 


Bir ağac əksəydi hərə həyatda, 
Torpaq quraqlıqdan verməzdi xəbər, 
Çoxdan Abşeronun boz yaxasını 
İlmələr bəzərdi, yaşıl ilmələr.

 


Ağaclar əksəydik, nəhəng ağaclar, 
Doğma Abşeronun torpaqlarında; 
Susub çəkilərdi qınına xəzri, 
Kəsərdi hay-küyü gilavarın da.

 


Torpağın sinəsi cadarlamazdı, 
Torpaq müqəddəsdir, torpaq əzizdir. 
Axı “Ana torpaq!” demişik ona. 
Ananı qorumaq vəzifəmizdir.

 


Kəkliklər ötürkən daşda, qayada 
Xoşdur ötənləri gətirmək yada. 
Bir ipək çəməndə, bir göy talada 
Sakitcə dincəlib gələndən soruş.


Bir yaşıl ümmandır açıb qoynunu, 
Görünməz sahili, bilinməz sonu. 
Bir deyil, beş deyil onun vurğunu, 
Demirəm, meşəni tək məndən soruş.