Şeirlər

8 martdır, anacan...

“8 martdır anacan!

Qoy öpüm üz-gözündən,

Daha uşaq deyiləm,

İndi böyük qızam mən!”

Xatırladınmı ana?

Söyləyərdim bu şeiri hər bayramda qarşında!..

İndi o məktəbli qız,

O bəxtəvər, qayğısız qızın çatıb yaşına

Amma heç böyüməyib...

Uşaqkən danışdığın xoşbəxtlik nağılları,

O göyçək Fatmaları hələ də örnək alır

bu çağda, bu yaşında,

Axı ana, ay ana!

Sən niyə öyrətmədin öz sadəlövh qızına?!

Bu həyat masal deyil,

Onun ağrılarına dözüb ayaqda qalmaq

çətindir, asan deyil...

8 martdır anacan...

Nədəndisə, bu bayram keçmişi vərəqlədir,

İlləri dilləndirir.

Xatirələr anbaan dillənir göz önündə

Qələm də acizləşir boğazacan yığılmış,

Deyilməyə can atan yaralı söz söz önündə

Bayramımızdı, ana!

Oxuyub bu sətirləri kövrəlmə sözlərimdən,

8 martdır, anacan,

Öpürəm gözlərindən!